MƏDƏNİYYƏT
AMEA-nın Gəncə Bölməsində “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” kitabı çap olunub
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamı çərçivəsində AMEA-nın Gəncə Bölməsinin “Elm” nəşriyyatında daha bir kitab nəşr olunub.
Bu barədə AZƏRTAC-a Akademiyanın Gəncə Bölməsindən məlumat verilib. Bildirilib ki, Gəncə Bölməsinin Rəyasət Heyətinin və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” kitabının müəllifi Əməkdar müəllim, filologiya elmləri namizədi, orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatının tədrisinin metodikası sahəsində bir sıra tədqiqatları ilə tanınan Məmməd Ələkbərovdur. Yeni kitab müəllifin Bakı Dövlət Universitetinin kitabxanasında qorunan dissertasiya işinin əlyazması əsasında hazırlanıb. Yüz otuz iki səhifədən ibarət olan bu tədqiqat işinin əsas hissəsi Nizami yaradıcılığında Azərbaycan folkloru və xalq mərasimlərinin təsirini araşdırmağa həsr olunub. Müəllif Nizaminin poemalarında aşkar hiss olunan Azərbaycan şifahi xalq ədəbiyyatının təsirinin dahi şairin özü tərəfindən qədirşünaslıqla istinad mənbəyi kimi etiraf edildiyini şairin əsərlərindən gətirilən nümunələrlə əsaslandırır. Dissertasiya işi sovet ideologiyasının tələblərinə uyğun yazılsa da, bu tədqiqatda müəllifin milli ruha sadiqliyi ön plandadır. Dövrün ideoloji ab-havasına uyğun olaraq Məmməd Ələkbərov da “türk” kəlməsini işlətməkdən çəkinib, həmin mövqedə “Azərbaycan”, “xalq”, “milli” sözlərindən istifadə etməklə elmi-tədqiqi qənaətlərini ifadə edib.
Kitabda M.Ələkbərovun Nizaminin Azərbaycan şifahi xalq ədəbiyyatının dastan, nağıl, atalar sözü və xalq məsəlləri kimi geniş yayılmış janrlarından yaradıcı şəkildə bəhrələndiyi göstərilir və şairin bunu “əsərlərində dönə-dönə etiraf etdiyi” nəzərə çatdırılır. Nizami Gəncəvi və xalq yaradıcılığı, şairin yaradıcılığında Azərbaycan mərasimləri və folklor motivləri elmi cəhətdən tədqiq edilir, böyük şairin xalq adət-ənənələrindəki bir çox incə təfərrüatları müxtəlif vasitələrlə, bədii boyalarla ifadə etdiyi göstərilir.
Monoqrafiya Nizami irsini öyrənən tədqiqatçılar, filologiya ixtisası üzrə təhsil alan tələbələr və şairin yaradıcılığına maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Qeyd edək ki, görkəmli ictimai xadim, pedaqoq və ədəbiyyatşünas Məmməd Ələkbərovun filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün işləyib-tamamladığı “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” mövzusunda dissertasiya işi ilk dəfədir ki, ayrıca kitab halında nəşr olunur və geniş oxucu kütləsinə çatdırılır.