ELM VƏ TƏHSİL
AMEA-nın Gəncə Bölməsində ötən il 30 iş üzrə tədqiqatlar aparılıb
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclasında Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev “Gəncə Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, F.Əliyev bölmənin elmi müəssisələrində həyata keçirilən tədqiqatlar haqqında məlumat verib. Ötən il altı problemi əhatə edən 25 mövzuda 26 mərhələdə 30 iş üzrə tədqiqatlar aparıldığını diqqətə çatdırıb.
Alim bölmənin nəşriyyatçılıq fəaliyyəti və kadr hazırlığı sahəsindəki məsələlərdən də danışıb. Bildirilib ki, hesabat ilində bölmənin əməkdaşları 188 elmi əsər, o cümlədən dörd kitab, 52-si xaricdə olmaqla 140 məqalə, doqquzu xaricdə olmaqla 43 tezis çap etdiriblər. İmpakt faktorlu xarici jurnallarda dərc olunan məqalələrin sayı isə 27-dir.
Akademik bölmənin beynəlxalq əlaqələrinin genişləndirildiyini, ABŞ, İsveç, Polşa, Türkiyə, Rusiya və digər ölkələrin elm və ali təhsil müəssisələri ilə əməkdaşlığın davam etdirildiyini söyləyib. Bundan başqa, Gəncə tarixinin araşdırılması məqsədilə Türkiyə baş nazirinin Osmanlı arxivi və Bəyazid Dövlət Kitabxanasından siyasi, iqtisadi və hərbi mövzulara aid arxiv sənədləri, kitabların surətləri gətirilib, etnoqrafik sahədə qədim sənətkarlıq növləri öyrənilib, regiondakı məhəllələrin salınması tarixi tədqiq olunub.
Məruzə dinlənildikdən sonra müzakirə edilib, rəyasət heyətinin qərarı ilə hesabat qəbul olunub.