ELM VƏ TƏHSİL
AMEA-nın Gəncə Bölməsinin Ekologiya və Təbii Ehtiyatlar İnstitutunda mühüm elmi nəticələr əldə olunub
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsinin Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun laboratoriyalarında cari ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan hesabat iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda institutun Tullantıların araşdırılması və tədqiqi laboratoriyasının əməkdaşlarının Daşkəsən rayonunun Dəstəfür və Gədəbəy rayonunun Miskinli yataqlarında gillərin fraksiya tərkibi, eləcə də fiziki-mexaniki xassələri istiqamətində apardıqları tədqiqatlardan danışılıb. Qeyd olunub ki, laboratoriya əməkdaşlarının AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) kimyəvi və mineraloji tərkiblərin öyrənilməsi sahəsində apardıqları elmi tədqiqat işləri səmərəli nəticələr verib. İkitərəfli müqaviləyə əsasən, qeyd olunan doldurucular plastik məişət tullantıları əsasında kompozisiya materialı almaq məqsədilə PMİ-yə göndərilib.
Tədbirdə çıxış edən bölmənin sədri, akademik Fuad Əliyev regionların sosial-iqtisadi inkişafı haqqında milli proqramlara uyğun olaraq innovativ texnologiyaların tətbiqinin vacibliyini bildirib, tullantısız və ya az tullantılı istehsal sahələri yaradılmasının, sənaye və məişət tullantılarının təkrar emalının müasir dövrün aktual problemlərindən olduğunu vurğulayıb. Qeyd edib ki, Tullantıların araşdırılması və tədqiqi laboratoriyasının başlıca məqsədi respublikanın Qərb regionunun gil yataqlarının, sənaye və məişət tullantılarının araşdırılması, onların xassələrinin öyrənilməsi və istifadə sahələrinin müəyyənləşdirilməsidir.
Sonra laboratoriyanın müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Mahirə Şərifova çıxış edərək kompozisiyaların alınması və fiziki-mexaniki xassələrin öyrənilməsi sahəsində aparılan tədqiqatların PMİ-nin Polimer materialların təkrar emalı və ekologiyası laboratoriyası ilə birgə aparıldığını və nəticələrin qənaətbəxş olduğunu söyləyib. O, hesabat ilində laboratoriya əməkdaşları tərəfindən müxtəlif elmi jurnallarda 6 məqalə və tezisin dərc olunduğunu bildirib.
İclasda, həmçinin institutun Naftalan nefti və səthi aktiv maddələr laboratoriyasının müdiri, texnika üzrə fəlsəfə doktoru İlahə Cəfərova çıxış edərək cari ildə aparılan elmi-tədqiqat işlərinin məqsədinin Naftalan nefti və tullantılarının konserogen birləşmələrdən təmizlənməsi, adsorbent kimi istifadə edilən yerli xammal ehtiyatlarının araşdırılması və tədqiqi olduğunu vurğulayıb. O, laboratoriyanın əməkdaşları tərəfindən il ərzində 2 məqalə və 2 tezisin çap edildiyini diqqətə çatdırıb.
Tədbirdə Fiziki-kimyəvi analiz laboratoriyasının müdiri Mehriban Məmmədovanın hesabatı da qənaətbəxş hesab edilib.