ELM VƏ TƏHSİL


AMEA-nın Gəncə Bölməsinin hesabatı təsdiqlənib

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin yanvarın 18-də keçirilən növbəti iclasında AMEA-nın Gəncə Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bölmənin sədri, akademik Fuad Əliyev hesabat ilində elmi müəssisələrdə tədqiqatlar zamanı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Rəyasət Heyətinin qərarlarının əsas götürüldüyünü söyləyib. Vurğulayıb ki, hesabat ilində Gəncə Bölməsinin elmi müəssisələri “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”, “Azərbaycan-2020: gələcəyə baxış İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan Elminin İnkişaf Doktrinası”, AMEA-nın ümumi yığıncağının müddəalarının və dövlət proqramlarının əsasında elmi tədqiqat işlərini həyata keçiriblər.

Bölmənin statistik göstəriciləri haqqında məlumat verən alim bildirib ki, elmi müəssisələrdə 6 problemi əhatə edən 23 mövzuda 38 mərhələdə 27 iş üzrə tədqiqatlar aparılıb. Vurğulayıb ki, institutlarda hesabat ilində cəmi 157 kitab, monoqrafiya, məqalə və tezislər nəşr olunub.

F.Əliyev xaricdə 53 məqalə, 21 tezis, 2 kitab və monoqrafiyanın dərc olunduğunu söyləyib. O vurğulayıb ki, impakt faktorlu jurnallarda 38 məqalə işıq üzü görüb. Bölmənin elmi işçilərinin əsərlərinə olan istinadların sayı 75-dir. Hazırda bölmənin elmi müəssisələrində elmlər doktorluğu hazırlığı üzrə doktoranturada 2, fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturada 10, dissertanturada isə 3 nəfər təhsil alır. Ötən il fəlsəfə doktorluğu üzrə 4, elmlər doktorluğu üzrə 2 dissertasiya işi müdafiə olunub.

Akademik hesabat ilində bölmənin beynəlxalq elmi əlaqələrinin davam etdirildiyini bildirib. Qeyd edib ki, əməkdaşlar Türkiyənin TÜBİTAK ali elmi qurumu, İtaliyanın Aralıq dənizi hövzəsi və Yaxın Şərq Tədqiqatları Mərkəzi və digər xarici qurumlarla birgə fəaliyyət göstəriblər.

Elm və təhsilin inteqrasiyasından danışan məruzəçi deyib ki, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin Gəncə Bölməsində baza kafedraları yaradılıb, gənc elmi kadrların hazırlanması məqsədilə elmi əsərlərin, məqalələrin və monoqrafiyaların nəşri, müştərək elmi-tədqiqat işlərinin, akademik və informasiya mübadilələrinin aparılması istiqamətində birgə işlər görülüb.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. AMEA-nın Gəncə Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.