REGİONLAR
AMEA-nın Gəncə bölməsində “Xalq təqvimi” tərtib olunub
Gəncə, 21 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində “Xalq təqvimi” tərtib olunub.
Bu barədə AZƏRTAC-a bölmənin ədəbiyyat şöbəsinin müdiri Ruziyə Quliyeva məlumat verib.
Araşdırmaçı-alim bildirib ki, uzun illərdir şöbənin əməkdaşları tərəfindən müxtəlif rayonlarda, kəndlərdə yaşayan yaşlı insanlardan Gəncəbasar bölgəsinin şifahi xalq ədəbiyyatı nümunələri toplanır. Bəzi folklor materiallarında xalqın fəsillərə, aylara verdiyi adlar, ayrı-ayrı bayramlar, eləcə də bayram axşamlarında açılan süfrə və bişirilən xörəklər, şirniyyatlar, hazırlanan şərbətlər haqqında geniş məlumat verilir. Ona görə də şöbənin əməkdaşları unudulmaqda olan bu cür ayları və el bayramlarını ardıcıllıqla sıralayaraq “Xalq təqvimi” tərtib ediblər.
Ruziyə Quliyeva qeyd edib ki, təqvimə əsasən bu gün ölkəmizə böyük çillə, yəni qış fəsli daxil olub. Bu gün həm də ən uzun gecə sayılır. Kəskin şaxtaların başlaması, suların donması, eləcə də uzun qış gecələri ilə müşahidə olunan böyük çillə 40 gündən sonra yerini kiçik çilləyə verəcək.