ELM VƏ TƏHSİL
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu Respublika Taun Əleyhinə Stansiya ilə əməkdaşlıq edəcək
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Səhiyyə Nazirliyinin S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyası (RTƏS) arasında elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, beş il müddətinə imzalanmış müqavilənin tələblərinə əsasən, Azərbaycanda yoluxucu xəstəliklərin insan və kənd təsərrüfatı heyvanlarında yayılmasının bioloji, ekoloji və ictimai-sosial xüsusiyyətləri öyrəniləcək, xəstəlik törədicilərinin genetik müxtəlifliyi ölkə üzrə müəyyənləşdiriləcək. Həmçinin onların bioloji, ekoloji və ictimai-sosial amillərlə bağlılığının öyrənilməsi, izlənilməsi, uçota alınması, mübarizə üsullarının hazırlanması və müvafiq sahədə digər elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı təşkil etmək və qrant layihələrdə birgə iştirakı dəstəkləmək nəzərdə tutulub.
Müqaviləni GEİ-nin direktoru, professor, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və RTƏS-in direktoru Tahir Vəliyev imzalayıblar.