ELM VƏ TƏHSİL
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn ümumi yığıncağı keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, ümumi yığıncağı AMEA-nın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki elmi-təşkilati və kadr məsələləri haqqında məlumat verib. O, ölkə başçısının “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamının icrası ilə Humanitar və İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrində keçiriləcək tədbirlərdən ətraflı söz açıb və bununla bağlı tövsiyələrini bildirib.
Akademik İsa Həbibbəyli AMEA-nın Humanitar, Fizika-Riyaziyyat və Texnika bölmələrinin birgə təşkilatçılığı ilə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilmiş “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika və lirika” elmi konfransının əhəmiyyətindən bəhs edib, konfransda edilmiş məruzələr haqqında düşüncələrini bölüşüb.
Həmçinin Humanitar və İctimai Elmlər Bölməsinin elmi müəssisələrinə noyabrın 1-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək “AMEA-nın Qarabağnaməsi” mövzusundakı təqdimat – sərginin təşkili ilə bağlı tapşırıqlar verilib.
Ümumi yığıncaqda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan struktur və kadr islahatları ilə əlaqədar müəssisənin elmi şurasının tərkibində qismən dəyişiklik haqqında qərar qəbul edilib.
İclasda elmi-tədqiqat müəssisələrinin baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi məsələsi də müzakirə olunub. AMEA-nın müxbir üzvü Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli Elm Tarixi İnstitutunun, hüquq elmləri doktoru Aytən Mustafazadə Hüquq və İnsan Haqları İnstitutunun və filologiya elmləri doktoru, professor Nadir Məmmədli Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru vəzifəsinə seçiliblər və təsdiq olunmaları üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.