ELM VƏ TƏHSİL
AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyi barədə məlumat verib.
İclasda AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri professor Tofiq Hüseynovun “Elmi fəaliyyətin vahid mərkəzdən idarə edilməsi dövrün tələbidir” mövzusunda məruzəsi dinlənilib. O bildirib ki, 2003-cü ilin əvvəllərində ölkə Prezidentinin Fərmanı ilə AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, respublikadakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən ali dövlət elmi təşkilatı statusu verilib. Onun sözlərinə görə, bununla da, Azərbaycanda elmin inkişafını və onun nailiyyətlərinin iqtisadiyyata tətbiq edilməsini təşkil edən vəzifələr AMEA-nın qarşısında qoyulub. Beləliklə, mərkəzi icra hakimiyyəti orqanı kimi innovasiyalı iqtisadiyyatın formalaşdırılmasında AMEA-nın aparıcı rolu müəyyənləşdirilib.
Professor Tofiq Hüseynov qeyd edib ki, ölkə başçısının 2009-cu il 4 may tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” təsdiqlənib. Strategiyanın əsas məqsədləri sırasında ölkənin iqtisadi inkişafında elmin rolunun artırılması və bütövlükdə elmin maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi də əks etdirilib: “Elm sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərindən biri kimi strategiyada ölkənin elmi-tədqiqat müəssisələrində həyata keçirilən tədqiqatların vahid mərkəzdən idarə olunması modelinin tətbiqi nəzərdə tutulub. Bu səlahiyyətin də AMEA-ya verilməsi göstərilib”.
Məruzəçi çıxışının sonunda akademiyanın gələcək inkişafı istiqamətində öz konkret təkliflərini irəli sürüb. Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Akademik Gövhər Baxşəliyeva AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrində həyata keçirilən işlərin yarımillik hesabatından söz açıb və bununla bağlı öz tapşırıq və tövsiyələrini bildirib.
İclasda, həmçinin bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutunun strukturunda və İqtisadiyyat İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi məsələləri müzakirə edilib. AMEA-nın müxbir üzvü Musa Qasımlının anadan olmasının 65 illik yubileyi ilə əlaqədar AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Eyni zamanda, Tarix İnstitutunun şöbə müdirləri tarix üzrə fəlsəfə doktorları Hacı Həsənov 70, İlqar Niftəliyev 50 illik yubileyinə görə İctimai Elmlər Bölməsinin fəxri fərmanı ilə təltif ediliblər.
Sonda Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.