ELM VƏ TƏHSİL


AMEA-nın İctimai Elmlər Bölməsinin “Şuşa İli” ilə bağlı fəaliyyət planı müzakirə olunub

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin Elmi şurasının hibrid formatda iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Tədbiri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq xalqımızın zəngin milli adət-ənənələrindən söz açıb. O, gündəlikdə duran elmi-təşkilati və kadr məsələləri barədə iclas iştirakçılarına məlumat verib.

İclasda AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Şuşa şəhərinin tarixi və toponimləri” adlı geniş məruzəsi dinlənilib. Alim Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşanın yaranma tarixi, mədəniyyəti, dünya səyyahlarının, tarixçi alimlərinin Şuşa haqqında fikirlərini təqdim edib. O, 28 ildən artıq işğal altında qalmış və müzəffər Ordumuz tərəfindən 2020-ci il noyabrın 8-də azad edilmiş qədim Şuşa şəhərinin mədəni, mənəvi və strateji cəhətdən təkcə Qarabağ üçün deyil, bütün Azərbaycan üçün önəmli olduğunu bildirib. Məruzə ətrafında geniş müzakirələr aparılıb.

İclasda 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi ilə bağlı bölmənin elmi tədqiqat müəssisələrinin fəaliyyət planı müzakirə olunub, qarşıda duran vəzifələrlə əlaqədar tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.

Tədbirdə, həmçinin AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrində keçiriləcək beynəlxalq tədbirlər, hazırlanacaq kitab və monoqrafiyalar, təşkil olunacaq sərgilər haqqında geniş söz açılıb. Bildirilib ki, A.Bakıxanov adına Tarix İnstitutunda “Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində”, Fəlsəfə və Sosiologiya İnstitutunda “Şuşa Bəyannaməsi və Cənubi Qafqazda postmünaqişə mərhələsi: fəlsəfi kontekst”, İqtisadiyyat İnstitutunda “Mədəniyyətin iqtisadiyyatı: Şuşada inkişaf impulsları”, Elm Tarixi İnstitutunda “Azərbaycanın elm və mədəniyyət mərkəzi - Şuşa” mövzularında beynəlxalq elmi konfranslar təşkil olunacaq. Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şuşa İli”nin elan olunmasının bölgədə ictimai-siyasi sabitliyin təmin olunmasında əhəmiyyəti” mövzusunda elmi sessiya, Qafqazşünaslıq İnstitutunda “Şuşa şəhərinin Cənubi Qafqazda yeri” mövzusunda dəyirmi masa keçiriləcək. Milli Azərbaycan Tarixi Muzeyində isə “Xarıbülbülün vətəni - Şuşa” adlı sərgi təşkili ediləcək və kataloq nəşr olunacaq.

İclasda bölmənin müəssisələrində işıq üzü görən jurnalların beynəlxalq elmi bazalara daxil edilməsi məsələsi də geniş müzakirə olunub, bu istiqamətdə müxtəlif fikirlər səsləndirilib.

Həmçinin AMEA-nın Tarix, İqtisadiyyat, Fəlsəfə və Sosiologiya institutlarının Elmi şuralarının tərkibində qismən dəyişiklik edilməsi haqqında bir sıra elmi-təşkilati məsələlərə baxılıb, kadr məsələlərinə dair qərarlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.