ELM VƏ TƏHSİL
AMEA-nın İqtisadiyyat İnstitutu Elmi Şurasının növbəti iclası keçirilmişdir
Bakı, 29 yanvar (AZƏRTAC). Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu Elmi Şurasının növbəti iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, institutun direktoru, professor İsa Alıyevin rəhbərliyi ilə keçirilmiş iclasda bu elmi müəssisənin ölkədə aparılan iqtisadi islahatlar sahəsində görəcəyi bir sıra vacib məsələlər müzakirə olunmuşdur.
Tədbirdə İ.Alıyev bildirmişdir ki, Azərbaycan son iyirmi ildə bütün istiqamətlərdə olduğu kimi iqtisadiyyat sahəsində də çox böyük uğurlar əldə etmişdir. Ümummilli lider Heydər Əliyevin qurucusu və memarı olduğu dünyəvi, demokratik-hüquqi dövlətimiz bu illərdə iqtisadi inkişaf baxımından daha da qüvvətlənmişdir. Prezident İlham Əliyevin məqsədyönlü, milli maraqlara söykənən, dönməz siyasəti nəticəsində güclü iqtisadi dayaqlara malik Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.
İqtisadiyyat İnstitutunda ənənəvi seminarların cari ildə də davam etdiriləcəyi, bu tədbirlərdə bir sıra mühüm məsələlərin müzakirə ediləcəyi diqqətə çatdırılmışdır.
İclasda professor İ.Alıyevin “Aqrar sahə yeni iqtisadi təfəkkür müstəvisində (metodoloji yanaşma)” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə ölkədə aqrar sahədə mövcud problemlər və onların həlli yollarından geniş bəhs olunmuşdur. Mövzu ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
Tədbirdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan konfransın təşkili ilə bağlı işlərin sürətləndirilməsi, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanan “Azərbaycanda rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması və inkişafı” mövzusunda kollektiv monoqrafiyanın nəşrə hazırlanması, habelə tanınmış iqtisadçı, alim Əhməd Mahmudovun 90 illik yubileyi ilə bağlı konfrans keçirilməsi qərara alınmışdır.