ELM VƏ TƏHSİL


AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Bakı, 7 sentyabr, AZƏRTAC

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclasın gündəliyinə institutun strukturunun təsdiqi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 iyul tarixli qərarından irəli gələn məsələlər, institutun qarşısında duran əsas vəzifələr, sözügedən müəssisənin 2021-ci ilin qəbul planına əsasən fəlsəfə və elmlər doktorluğu üzrə doktorantura və dissertanturaya sənəd təqdim edən iddiaçılar haqqında məlumat və s. məsələlər daxil edilib.

İclasda AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyev rəhbərlik etdiyi müəssisənin strukturu haqqında məlumat verib. Müzakirələrdən sonra yeni struktur təsdiq edilib.

Dilqəm Tağıyev bildirib ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına malik olması tələb edilən iş və xidmət sahələri müəyyənləşdirilib. Sentyabrın 1-dən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir. Həmin iş və xidmət sahələrinə elm və təhsil müəssisələri də daxildir. Buna görə də institutun vaksin olunmayan əməkdaşları vaksinasiya olunmalı, COVID-19-a yoluxanlar immunitet sertifikatı təqdim etməli, vaksinə əks göstərişi olanlar isə müvafiq sənədi gətirməlidirlər. Akademik qeyd edib ki, hazırda COVID-19-a qarşı mübarizədə peyvənd ən optimal üsuldur və şöbə müdirləri bu barədə işçilər arasında təbliğat aparmalıdır.

Sonra akademik AMEA-da aparılan islahatlardan danışaraq bildirib ki, əsas hədəflərdən biri iqtisadi tutumlu perspektivli innovativ elmi-tədqiqat işlərinin genişləndirilməsi və səmərəliliyinin artırılmasıdır. Bu islahatların tərkib hissəsi olaraq institutda da bəzi kompleks işlər görülməli, elmi-tədqiqat işlərinin səmərəliliyi artırılmalı, gənclərin potensialından düzgün istifadə edilməlidir.

Qeyd edilib ki, ölkənin müdafiə qüdrətinin artırılması sahəsində görüləcək işlər, alternativ enerji mənbələri və hidrogen energetikası, monomerlərin istehsalı, korroziya ilə əlaqədar, xüsusilə mövcud su qovşaqlarının təhlükəsizliyi ilə bağlı görülən işlər, işğaldan azad olunmuş ərazilərin bərpası və orada yerləşən mineral xammal ehtiyatlarının tədqiqi, yüksək texnologiyalar üçün yeni materialların, enerji çeviricilərinin, nanoboruların və nanokatalizatorların alınması, bioaktiv polimerlərin və nanogellərin sintezi kimi mühüm işlərin yerinə yetirilməsi institutun qarşısında duran əsas vəzifələrdir.

Sonra gündəlikdəki digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.