ELM VƏ TƏHSİL
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantı ən yüksək göstərici ilə məzun olub
Bakı, 16 avqust, AZƏRTAC
2020-2021-ci tədris ilində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistraturasını müvəffəqiyyətlə bitirən Emin Əliyev ən yüksək - 99 balla məzun olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Emin Əliyev magistraturanı neft-kimya proseslərinin riyazi modelləşdirilməsi ixtisası üzrə fərqlənmə diploma ilə bitirib. O, AMEA-nın magistraturasına yüksək göstərici - 110 bal ilə qəbul olmuşdu.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “SABAH” qruplarında təhsil almış və 2019-cu ildə həmin ali məktəbi kimya mühəndisliyi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı müddətdə SOCAR-ın Neft Emalı Zavodunda, “FAB Boya və Kimya Sənayesi” MMC-nin nəzdində “Fab boya”, ”Polimerlər” fabriklərində, eləcə də “Pirallahı Sənaye Parkı”nda yerləşən “DiaMed.Co” şpris istehsalı zavodunda təcrübə keçib. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil aldığı müddətdə kimya və neft-kimya texnologiyası istiqamətində, eləcə də neft və neft məhsulları ilə çirklənmiş suların kombinəedilmiş üsulla təmizlənməsi sahəsində elmi-tədqiqat işləri ilə məşğul olub.
Hazırda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantura pilləsinə qəbul imtahanlarında iştirak edir və xarici dil imtahanını müvəffəqiyyətlə verib.