REGİONLAR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində şəhid Məhsun Bağırzadənin barelyefi açılıb
Lənkəran, 28 sentyabr, Bağır Əliyev, AZƏRTAC
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Məhsun Bağırzadənin barelyefinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsindən danışaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi zəkası və komandirlik bacarığı sayəsində qələbəyə nail olunduğunu bildirib.
Mərkəzin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Mayis Cəfərov və Samir Kərimov, şair-publisist Ağamir Cavad, elmi işçi Mərdan Şirəliyev və başqaları çıxışlarında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edən Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarından söz açıblar.
Sonra Lənkəran Regional Elmi Mərkəzin əməkdaşı, ölümündən sonra 4 medalla təltif edilən şəhid Məhsun Bağırzadənin barelyefi açılıb.
Professor Fərman Quliyev müəllifi rəssam Tərlan Sadıqov olan barelyefin örtüyünü açaraq, ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin ürəklərdə əbədi yaşayacağını diqqətə çatdırıb.
Şəhidin atası Zahir Bağırov övladı Məhsun Bağırzadənin adının əbədiləşdirməsinə görə AMEA-nın rəhbərliyinə, o cümlədən çalışdığı Lənkəran Regional Elmi Mərkəzin kollektivinə minnətdarlığını bildirib.