ELM VƏ TƏHSİL


AMEA-nın Mikrobiologiya İnstitutu hesabat verib

Bakı, 6 dekabr, AZƏRTAC 

Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun 2018-ci ildəki elmi fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavinləri Nuru Bayramov, Zeynal Əkpərov, bölmənin elmi katibi Afiq Məmmədov iştirak ediblər.

Əvvəlcə AMEA-nın müxbir üzvü Nuru Bayramov gündəlikdəki məsələ barədə məlumat verib.

Sonra institutun direktorunun müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov hesabat məruzəsi ilə çıxış edib. P.Muradov ölkə başçısının müvafiq fərman və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar institutda görülən işlər barədə məlumat verib. Bildirilib ki, institutda gənc alim və tədqiqatçılar arasında “Müasir elmi problemlərin aktual həlli” mövzusunda müsabiqə keçirilib. Həmçinin 2017-2020-ci illər üçün Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəaliyyət Planı” çərçivəsində AMEA-ya tapşırılmış işlərin icrasının təmin edilməsində institut fəal iştirak edib.

Diqqətə çatdırılıb ki, 2018-ci ildə institutda 2 problem 7 mövzunu əhatə edən 7 işin 15 mərhələsi tamamlanıb və nəzərdə tutulan iş həcmi tam yerinə yetirilib. Aparılan işlərin ümumi məqsədi Azərbaycanın müxtəlif bölgələrində olan su, torpaq və meşə ekosistemlərinin müasir vəziyyətinin mikrobioloji və mikoloji aspektlərdə qiymətləndirilməsinə həsr edilib. İnstitutda üç şöbə və yeddi laboratoriya fəaliyyət göstərir. Hesabat ilində AMEA-nın prioritet istiqamətlər üzrə elan etdiyi innovativ layihələrdə institutun əməkdaşları fəal iştirak ediblər. İnstitutun əməkdaşları qrant müsabiqələrində iştirak edib və ümumilikdə 3 qrant layihəsinin qalibi olublar.

Qeyd edilib ki, cari ildə institut əməkdaşlarının 97 elmi əsəri çap olunub. Onlardan 53–i elmi məqalə, ikisi monoqrafiya, digərləri isə konfrans materialı və tezislərdir. 28 məqalə, 1 monoqrafiya və 10 tezis xaricdə dərc edilib. Dərc edilən məqalələrdən 9-u “Web of Science” bazasına daxil olan jurnalda dərc edilib.

Sonra iclasda hesabatla bağlı müzakirələr aparılıb. Nuru Bayramov gələcəkdə institutun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinin və qrant müsabiqələrində gənclərin iştirakının vacibliyini vurğulayıb.

Sonda Mikrobiologiya İnstitutunun 2018-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.