ELM VƏ TƏHSİL
AMEA-nın Mikrobiologiya İnstitutunda gənclər mükafatlandırılıb
Bakı, 6 fevral, AZƏRTAC
AMEA-nın Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası “Müasir biologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nailiyyətlərindən danışıb. O qeyd edib ki, institutun gənc alim və mütəxəssisləri akademiyanın elmi-ictimai həyatında çox yaxından iştirak etməklə məhsuldar elmi-ictimai fəaliyyətləri ilə yadda qalıblar.
Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək akademiyada gənclərin inkişafı istiqamətində görülən mühüm işlərdən söz açıb.
Konfransda biologiyanın aktual problemlərini özündə daha dolğun əks etdirən məruzələr dinlənilib.
Məruzələr dinlənildikdən sonra institutun direktoru, akademik Məmməd Salmanov gənclərin cəmiyyətdəki rolundan, onlara göstərilən dövlət qayğısından danışıb.
Konfransda AMEA-nın müxtəlif elmi-tədqiqat müəssisələrindən, ali məktəblərdən nümayəndələr iştirak ediblər.
Sonda ən yaxşı məruzələrin müəlliflərinə - Rəfiqə Məsməliyeva (AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu), Aynur Ərəbzadə (AMEA-nın Mərkəzi Nəbatat Bağı), Gülnar Şirinova (AMEA-nın Mikrobiologiya İnstitutu) və Yaqut Yusifovaya (AMEA-nın Botanika İnstitutu) fəxri diplom və pul mükafatları təqdim olunub.