REGİONLAR


AMEA-nın Naxçıvan bölməsində elmi-tədqiqat müəssisələrinin hesabatı dinlənilib

Naxçıvan, 2 dekabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya və İncəsənət, Dil və Ədəbiyyat institutlarının 2021-ci il üzrə elmi və elmi təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iclasda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev hesabat ili ərzində hər iki elmi-tədqiqat müəssisəsinin fəaliyyətinə nəzər salıb, il ərzində görülən mühüm işlərdən bəhs edib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli yığıncaqda institut əməkdaşlarının 2021-ci ildəki fəaliyyəti haqqında məruzə edib. Bildirib ki, cari ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda 1 akademik, 2 AMEA-nın müxbir üzvü, 1 elmlər doktoru, 8 fəlsəfə doktoru, 3 dissertant 1 problem, 1 mövzu ətrafında 8 iş üzrə 15 mərhələdə tədqiqat aparıb. İl ərzində institut əməkdaşlarının 8 monoqrafiyası, 3 kitabı, 1 kitabçası, 102 elmi məqaləsi və 43 konfrans materialı çap edilib, 2 xəritə tərtib olunub. Elmi əsərlərdən 3 monoqrafiya, 22 məqalə və 22 konfrans materialı xaricdə dərc edilib. 11 elmi məqalə nüfuzlu impakt faktorlu jurnallarda işıq üzü görüb. Əməkdaşların əsərlərinə il ərzində 481 istinad qeydə alınıb. Elmi-tədqiqat müəssisəsində Naxçıvanın ictimai-siyasi və sоsial-iqtisadi tarixinin öyrənilməsi problemi üzrə bir mühüm nəticə əldə edilib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə bağlı “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmalar aparılıb, institut əməkdaşlarının iştirakı ilə Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar elmi məqalələr hazırlanaraq “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalında çap olunub. AMEA Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birgə Naxçıvan Muxtar Respublikasının Moskva və Qars müqavilələri ilə təsbit olunmuş ərazilərinin xəritələri hazırlanıb”, - deyən Hacıfəxrəddin Səfərli qeyd edib ki, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu əməkdaşları tərəfindən “Şərq qapısı” qəzetinin 100 illiyi ilə əlaqədar hazırlanan kitab üçün Naxçıvan tarixi, abidələri, epiqrafikası və etnoqrafiyasına dair müxtəlif dövrlərə aid məqalələr hazırlanıb. İnstitutda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamlarına əsasən aparılan tədqiqatların nəticələri müxtəlif nüfuzlu jurnallarda və mətbu orqanlarda dərc olunub.

Diqqətə çatdırılıb ki, hesabat dövründə institut əməkdaşları 17 beynəlxalq tədbirdə, 9 respublika konfransında, 18 muxtar respublika tədbirində, oxunması zəruri olan bir kitabın müzakirəsində, 4 monoqrafiya təqdimatında, bölmədə keçirilən 12 konfrans və tədbirdə çıxış ediblər. İctimai fəallıq nümayiş etdirən institut əməkdaşlarının müxtəlif qəzet və informasiya portallarında 63 məqаləsi dərc edilib, onlarla müsahibə verib, çoxsaylı veriliş və sənədli filmlərin çəkilişində məsləhətçi olublar. İnstitutun nəzdindəki Arxeologiya və Etnoqrafiya muzeyinin fondunda qorunan maddi-mədəniyyət nümunələrinin bir qismi inventarlaşdırılıb.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov institutun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatını təqdim edib. Tədqiqatçı deyib ki, cari ildə institutda 1 problem üzrə, 1 mövzunu əhatə edən 7 iş 18 mərhələdə yerinə yetirilib. Tədqiqatlar 1 nəfər AMEA-nın müxbir üzvü, 12 fəlsəfə doktoru və 5 dissertant tərəfindən aparılıb. 2021-ci ildə institut əməkdaşlarının 2 monoqrafiyası, 144 elmi məqaləsi, 39 konfrans materialı və 3 tezisi olmaqla, ümumilikdə, 188 elmi əsəri çap edilib. Əsərlərdən 14 elmi məqalə, 9 konfrans materialı və tezislər xaricdə çapdan çıxıb. Məqalələrdən 2-si impakt faktorlu jurnallarda nəşr edilib. İnstitutun təsis etdiyi “Axtarışlar” jurnalının 4 nömrəsinin nəşri təmin edilib, elmi əsərlərə 42 istinad qeydə alınıb. Tədqiqatçıların ölkə mətbuatında müxtəlif mövzulu 235 məqаləsi dərc olunub.

İnstitutda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq “Aşıq Ələsgər və Naxçıvan” mövzusunda elmi araşdırmalar aparılmış, elmi və publisistik məqalələr çap olunub. AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının xüsusi nömrəsi Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilib.

Dosent Ələkbər Qasımov diqqətə çatdırıb ki, hesabat dövründə institut əməkdaşları 15 beynəlxalq tədbirdə, 3 respublika tədbirində, 13 muxtar respublika tədbirində, oxunması zəruri olan 3 kitabın müzakirəsində, 3 kitab və monoqrafiyanın təqdimatında, bölmədə keçirilən 13 konfrans və tədbirdə məruzələr ediblər. AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində aparılan araşdırmalarda uğurlu nəticələr əldə olunub.

Məruzələrin ardından akademik İsmayıl Hacıyev hər iki elmi tədqiqat müəssisəsinin üçillik göstəricilərini müqayisə edib, təklif və tövsiyələrini bildirib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək hər iki elmi-tədqiqat müəssisəsinin hesabatını qənaətbəxş qiymətləndirib və hesabatın qəbul olunmasını təklif ediblər.

Sonda hesabat iştirakçılar tərəfindən qəbul olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.