ELM VƏ TƏHSİL
AMEA-nın Tarix İnstitutu Elmi Şurasının növbəti iclası keçirilmişdir
Bakı, 6 fevral (AZƏRTAC). Fevralın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının növbəti iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən iclasda Tarix İnstitutunda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə bağlı tədqiqatların genişləndirilməsindən danışılmışdır.
Tədbirdə, həmçinin son vaxtlar ictimaiyyət arasında əks-səda doğuran, soyqırımlarından bəhs edən və elmi əsası olmayan yazılarla bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Y.Mahmudov iclasda çıxış edərək bildirmişdir ki, Azərbaycan son iyirmi ildə çox böyük uğurlara imza atmışdır. Ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu dünyəvi, demokratik, hüquqi dövlətimiz bu illərdə daha da güclənmişdir. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü, dönməz siyasəti nəticəsində Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.
Ölkəmizin müharibə vəziyyətində olduğunu, ərazilərimizin iyirmi faizindən çoxunun Ermənistanın işğalçı ordusu tərəfindən zəbt edildiyini diqqətə çatdıran alim bildirmişdir ki, bütün bu problemlərə baxmayaraq Azərbaycan sürətlə inkişaf edir, onun dünyada nüfuzu gündən-günə artır. Bu gün Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi, möhkəm sabitliyin bərqərar olduğu bir ölkədir. Bu uğurların qazanılmasında daim Azərbaycanın yanında olan, bizimlə bərabər sevinən dostlarımız olduğu kimi, nailiyyətlərimizi gözü götürməyən, əldə etdiyimiz müvəffəqiyyətlərə kölgə salmaq istəyən qüvvələr də vardır. Çünki bu gün Azərbaycan siyasi maraqların kəsişdiyi bir ölkədir. Təəssüf ki, bizi istəməyən xarici qüvvələrə daxildən təkan verənlər də vardır. Burada yalnız bir məqsəd vardır - Azərbaycanın itirilmiş torpaqlarının ermənilərə qalması. Məhz buna görə dünya ictimaiyyəti azərbaycanlılarla ermənilər arasında barışıq yaratmağa çalışırlar.
Y.Mahmudov bildirmişdir ki, erməni təcavüzkarları 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə ciddi hazırlaşırlar və bunun üçün bütün qüvvələrini səfərbərliyə almışlar. Belə bir şəraitdə yazıçı Əkrəm Əylisli “Daş yuxular” roman-rekviyemini qələmə almaqla düşmən dəyirmanına su tökmüşdür. Bu əsər qondarma “erməni soyqırımı”nın 100 illiyinə onun töhfəsi, eyni zamanda, Azərbaycan xalqına və dövlətinə, islam dininə, türk dünyasına xəyanətidir.
Vurğulanmışdır ki, Ə.Əylisli mənsub olduğu xalqın başına gətirilmiş müsibətləri və onun acı nəticələrini görmür, bu faciələrin ermənilər tərəfindən törədildiyini qəbul etmək istəmir. Onun “Daş yuxular” romanının heç bir elmi əsası yoxdur və bu, Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində, düşmənlərimizin fəallaşdığı bir vaxtda xalqımıza qarşı sifarişlə yazılmış bir əsərdir, real tariximizə xəyanət nümunəsidir.
Tarix İnstitutunun genişmiqyaslı fəaliyyətindən söz açan Y.Mahmudov vurğulamışdır ki, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsini təsdiq edən minlərlə sənəd bu elmi müəssisə tərəfindən toplanmış və tədqiq edilmişdir. Tarix sübut edir ki, ermənilər qədim Azərbaycan torpaqlarına XIX əsrdə gəlmişlər. Əsl tariximizlə bağlı institutun əldə etdiyi mühüm nəticələr “Daş yuxular”ın müəllifinə tutarlı cavabdır.
İclasda Elmi Şuranın üzvləri ilə yanaşı, doktorantlar, tarixçi alimlər də çıxış edərək məsələ ilə bağlı fikirlərini bölüşmüşlər. Natiqlər yazıçı Əkrəm Əylislinin “Daş yuxular” roman-rekviyemini radikal erməni millətçilərinin diktəsi ilə yazılmış siyasi əsər, Azərbaycan xalqına qarşı ittihamnamə kimi dəyərləndirmişlər.
Tədbir çərçivəsində “Avropa Nəşr Mətbuat Evi” tərəfindən Y.Mahmudova “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı təqdim edilmişdir.
Y.Mahmudov bu mükafatı Tarix İnstitutunun fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirmiş və “Avropa Nəşr Mətbuat Evi”nə minnətdarlığını bildirmişdir.