ELM VƏ TƏHSİL


AMEA-nın Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, alim və mütəxəssislərin iştirak etdikləri açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə elmə xüsusi önəm verildiyini bildirib, bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bu elm müəssisəsinin Elmi Arxivi və Kitabxanası barədə məlumat verib. Bildirib ki, elektron oxu zalı AMEA-da gedən islahatlar fonunda yaradılıb: “Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir”.

Qeyd olunub ki, son illərdə Tarix İnstitutunda arxiv sənədləri və kitabların elektron kataloqu hazırlanıb.

Yaqub Mahmudov bu elm müəssisəsinə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər şəhərlərdən 100 mindən çox arxiv sənədi gətirildiyini deyib. Məlumat verilib ki, institutun Elmi Arxivi və Kitabxanasında 170 min arxiv sənədi, 17 min kitab, “Azərbaycan” qəzetinin elektron və çap variantı (1993-2017), elmi jurnallar, dissertasiya işləri, avtoreferatlar, xəritələr və s. var.

Kitabxanadakı 17 min kitabdan 10 mini ərəb dilində olan elektron kitablardır. Onlar arasında müasir ərəb və Misir tarixçilərinin kitabları, “Müasir islam tarixində Osmanlı dövləti”, “Osmanlı dövləti necə süqut etdi”, “Təbəri tarixindən seçmələr”, “İraq mədəniyyəti”, “Ərəb ədəbiyyatı tarixi” və digər kitabları qeyd etmək olar.

İnstitutun arxivində Azərbaycanın görkəmli tarixçilərinin fondları var. Tarix İnstitutunda “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində arxiv sənədləri çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilir.

Sonra tədbir iştirakçıları Elmi Arxiv və Kitabxanada yaradılan şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.