ELM VƏ TƏHSİL


AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib

Bakı, 23 yanvar, P.İmanova, AZƏRTAC 

Yanvarın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Yer Elmləri Bölməsinin (YEB) 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunduğunu bildirib.

Sonra YEB-ə daxil olan elmi müəssisə və təşkilatlardan mühüm elmi nəticələrin müəllifi olan alimlər əldə etdikləri nailiyyətlərə dair məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

İclasda çıxış edən YEB-nin akademik-katibi, akademik Fəxrəddin Qədirov bölmənin 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, bölmənin institutlarının fəaliyyətində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və AMEA Rəyasət Heyətinin “AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” qərarından irəli gələn vəzifələr, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, ölkə rəhbərinin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncağındakı nitqində qeyd etdiyi Azərbaycan elminin respublikanın sosial-iqtisadi inkişafı ilə şərtlənən prioritetləri və AMEA-nın Rəyasət Heyətinin “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı haqqında" qərarında qeyd olunmuş müvafiq bəndlər əsas götürülüb.

Bölmə üzrə beynəlxalq əməkdaşlıq hesabat ilində də yüksək səviyyədə davam etdirilib. AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR - Consiglio Nazionale delle Ricerche) arasında imzalanmış ikitərəfli elmi əməkdaşlıq haqqında müqavilə çərçivəsində Geologiya və Geofizika İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi və İtaliyanın Ətraf Mühitin Təhlili Üzrə Metodologiya İnstitutunun mütəxəssisləri 2018-2019-cu illər üçün “Mingəçevir ərazisində (Azərbaycan) su anbarından yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda layihə üzrə elmi-tədqiqat işlərinə başlayıblar. ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutu ilə birlikdə yerinə yetirilən “Aralıq dənizi və Xəzər Regionunun kinematika və dinamikası” meqalayihə çərçivəsində tədqiqatlar davam etdirilib. Bu layihənin köməyilə Azərbaycan ərazisində daimi işləyən 10 GPS stansiyası yerləşdirilib və UNAVCO (NASA) bazasına Azərbaycan şəbəkəsi olaraq daxil edilib. AMEA ilə İsrail Təbiət və Humanitar Elmlər Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində İsraildə “Seysmologiya və geodinamika” mövzusunda beynəlxalq seminar keçirilib və bölmənin alimləri də tədbirdə məruzələrlə çıxış ediblər.

Akademik qeyd edib ki, hesabat ilində Geologiya və Geofizika İnstitutu və “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkəti arasında Azərbaycanın palçıq vulkanlarının tədqiqi ilə bağlı imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində alimlərimiz fransalı həmkarları ilə birgə Şamaxı-Qobustan, Abşeron və Aşağı-Kür neftli-qazlı rayonlarında yerləşən Ayazaxtarma, Torağay, Ayrantökən, Qoturdağ, Durovdağ, Bozdağ-Güzdək və digər palçıq vulkanlarının tədqiqinə başlayıblar.

2018-ci ildə AMEA Neft və Qaz İnstitutu elm, texnologiya və innovasiyalar sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə Norveçin Oslo Universitetinin Yerin Təkamülü və Dinamikası Mərkəzi və Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin geologiya fakültəsi ilə üçtərəfli, həmçinin Almaniyanın GEOMAR Helmholtz Okean Tədqiqatları Mərkəzi ilə anlaşma memorandumları imzalayıb.

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Türkiyənin Dəniz Elmləri və Texnologiya İnstitutu və Dokuz Eylül Universiteti ilə multidissiplinar tədqiqatlar, dəniz elmləri, texnologiya və dəniz tədqiqatlarının planlaşdırılması və əməkdaşlıq proqramlarının həyata keçirilməsinə dair müqavilə bağlanıb. Vurğulanıb ki, Fransa Elmlər Akademiyasının Tuluza şəhərində yerləşən Kosmik Geofiziki Okeanoqrafiya Laboratoriyası (LEGOS) ilə “Xəzər dənizi səviyyəsinin peyk altimetriyası ilə öyrənilməsi" mövzusunda əməkdaşlıq davam etdirilib. İnstitutda Xəzər dənizi səviyyəsinə aid əldə edilmiş elmi-metodiki nəticələr “LEGOS-un Xəzər dənizi səviyyəsinin müasir metodlarla tədqiqi” beynəlxalq proqramına daxil edilib. Həmçinin İran İslam Respublikasının Xəzər Dənizinin Tədqiqatları Mərkəzi ilə “Xəzər dənizi sahil zonasının idarəçiliyi” mövzusunda əməkdaşlıq davam etdirilib, bu ölkənin bir sıra universitetləri ilə bağlanmış protokollar çərçivəsində elmi əməkdaşlıq, kadr hazırlığı, elmi-tədqiqat və təhsil proqramlarının hazırlanması və digər məsələlərin həlli istiqamətində bir sıra işlər görülüb.

Təbiət Tarixi Muzeyinin əməkdaşları hesabat ilində BP şirkəti, İngiltərənin Lids Universiteti, Bolqarıstanın Təbiət Tarixi Muzeyi, həmçinin Xəzəryanı ölkələrin elmi-tədqiqat təşkilatları ilə sıx əməkdaşlığı davam etdirirlər.

Diqqətə çatdırılıb ki, hesabat ilində institut və təşkilatlarda 13 problemi əhatə edən 54 mövzu üzrə tədqiqatlar aparılıb. Bölmə əməkdaşlarının 4 layihəsi elmi-tədqiqat proqramlarının maliyyələşdirilməsi məqsədilə keçirilən respublika müsabiqəsində qalib olub. 2018-ci ildə 37 təsərrüfat müqaviləsi üzrə görülən işlər tamamlanıb. Hesabat ilində 137-si xaricdə olmaqla 459 məqalə, 57-si xaricdə olmaqla 134 tezis nəşr edilib. Bunlardan 69 məqalə impakt faktorlu jurnallarda işıq üzü görüb. 2018-ci ildə bölmənin alimləri tərəfindən hazırlanmış 12 monoqrafiya, 13 atlas və 9 dərs vəsaiti nəşr edilib.

Hazırda bölmənin institutlarında 11 nəfər fəlsəfə doktorluğu üzrə təhsil alır. Bölmənin elmi müəssisələrində 20 fəlsəfə və elmlər doktoru dissertasiyası müdafiə olunub, 14 iş isə müdafiəyə hazırlanıb. Vurğulanıb ki, hesabat ilində magistratura pilləsinə 9 nəfər qəbul olunub.

İclasda dövlətimizin başçısının fərman və sərəncamlarının, AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, struktur dəyişiklikləri, keçirilən konfrans və yubileylər, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası, gənc alim və mütəxəssislərin fəaliyyətləri və digər məsələlərdən söz açılıb.

Sonra məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Rəyasət Heyətinin qərarı ilə YEB üzrə mühüm elmi nəticələr AMEA-nın illik hesabatına daxil edilib.

Yer elmləri sahəsində elmi-tədqiqat, təhsil, kadr hazırlığı, beynəlxalq əməkdaşlıq və digər istiqamətlərdə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.