ELM VƏ TƏHSİL
AMEA-nın Yüksək Texnologiyalar Parkı TÜBİTAK-ın keçirdiyi yarışmada iştirak edib
Bakı, 2 oktyabr, AZƏRTAC
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) təşkilatçılığı və Türkiyə Texnologiya Komandası Vəqfinin dəstəyi ilə İstanbulda pilotsuz uçan aparatların (PUA) yarışı keçirilib. Məqsəd fövqəladə hallar zamanı mülki təyinatlı PUA-lardan istifadə etməyin mümkünlüyünü göstərmək olub.
İstanbul Qrand Hava Limanında keçirilən yarışda 5 ölkədən 289 komanda mübarizə aparıb. Turnirdə ölkəmizi AMEA-nın Yüksək Texnologiyalar Parkının (“YT Park”) "AMEACRAFT" komandası təmsil edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, yarışmanın nəticələrinə əsasən "AMEACRAFT" final mərhələsinə keçən 85 komandadan biri olub.
Qeyd edək ki, bu gün Rəyasət Heyətində keçirilən tədbirdə akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev TÜBİTAK-ın təşkil etdiyi yarışmada iştirakına görə AMEA-nın müxbir üzvü Əminağa Sadıqova və “YT Park”ın rezidenti “Elm və Texnologiya Parkı” MMC-nin bir qrup əməkdaşına mükafat və sertifikatlar təqdim edib.