ELM VƏ TƏHSİL


AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə Texniki Universitet arasında saziş imzalanıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlığa dair niyyət sazişi imzalanıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov elmi nəticələrin istehsalatda tətbiqi, elm və təhsilin inteqrasiyası ilə bağlı AMEA-da görülən işləri yüksək qiymətləndirib. O, akademiyada təhsilin magistratura pilləsinin təşkilinin bu istiqamətdə ən mühüm addımlardan olduğunu bildirib. Diqqətə çatdırıb ki, əməkdaşlığın məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirməsinə əsaslanaraq elmin inkişafının təmin edilməsidir. Həmçinin milli sənayemiz üçün kadr hazırlığı prosesinin təkmilləşdirilməsidir.

YTP-nin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, Parkın elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunmasına və bu istiqamətdə əlverişli mühitin yaradılmasına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, sazişin müddəalarına iki qurum tərəfindən birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsi də daxildir. Nazim Şükürov alimlərin elmi layihələri əsasında xüsusi bir platformanın yaradılacağını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, AzTU-nun prorektoru, professor İlham Pirməmmədov və professor Faiq Nağıyev ali məktəblərlə AMEA arasında əməkdaşlığın genişləndirilməsinin təqdirəlayiq hal olduğunu bildiriblər. Tələbələrin praktik əhəmiyyətli elmi-tədqiqat işlərinə cəlb edilməsi, innovasiyayönümlü tədqiqatların aparılması baxımından bu əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıblar.

Sonda iki qurum arasında əməkdaşlığa dair niyyət sazişi imzalanıb.

Sənədi YTP-nin direktoru Nazim Şükürov və AzTU-nun rektoru vəzifəsini icra edən professor Xalıq Yahudov imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.