ELM VƏ TƏHSİL
AMEA-nın Yüksək Texnologiyalar Parkında gənc alimlər üçün hər cür şərait yaradılıb
Bakı, 5 fevral, AZƏRTAC
AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) gənc alimlər və bizneslə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov deyib. O, YT Parkın ölkə rəhbərinin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiyayönümlü və elmtutumlu məhsulların istehsalı, alimlərin elmi tədqiqatlarının tətbiqi, kommersiyalaşdırılması məqsədilə yaradıldığını bildirib.
YT Parkın 21 hektar ərazini əhatə etdiyini deyən alim burada yeni innovativ layihələri olanlar, bizneslə məşğul olmaq istəyənlər, o cümlədən startapçılar üçün vergi, gömrük güzəştlərinin nəzərdə tutulduğunu söyləyib. Gənc alimləri və startapçıları YT Parka dəvət edən N.Şükürov onların ideyalarını dəstəkləməyə hazır olduqlarını vurğulayıb.
O, YT Parkın alimlərdən ibarət Ekspertlər Şurası tərəfindən yeni ideyaların uğurlu tətbiqi üçün biznes planına, bu planın texniki-iqtisadi əsaslandırılmasına, satış bazarı və marketinqin müəyyənləşdirilməsinə dəstək verildiyini diqqətə çatdırıb. Bununla yanaşı, hazırda YT Parkın ərazisində 10 rezidentin fəaliyyət göstərdiyini, mülki və respublikanın hərbi-müdafiə qüdrətinin artırılması istiqamətində rəqabətədavamlı məhsulların istehsal olunduğunu bildirib.