ELM VƏ TƏHSİL
AMEA-nın Yüksək Texnologiyalar Parkının hərbiyönümlü innovativ layihələri prioritet məsələdir
Bakı, 13 may, AZƏRTAC
AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) bu gün respublikadakı texnoparklar arasında özünün aktiv fəaliyyəti, xüsusilə də müdafiə sənayesi sektorunda çalışması ilə diqqət çəkir.
AZƏRTAC xəbər verir ki, AMEA YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbərlik etdiyi texnoparkın hazırda uzunmüddətli layihələr üzrə 10 rezidentinin fəaliyyət göstərdiyini bildirib. Onların arasında müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Elm və Texnologiyalar Parkı”, “Azeltech”, “Buta Armor”, “DN Technologies”, eləcə də mülki və hərbi akkumulyator batareyalarının istehsalı ilə məşğul olan “Azmonbat” kimi şirkətlər var.
Nazim Şükürovun sözlərinə görə, YT Parkın rezidentliyini almış hüquqi və fiziki şəxslərə bir sıra güzəştlər tətbiq olunur. Rezidentin texnopark ərazisində icra etdiyi layihələr çərçivəsində idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğu gömrük rüsumlarından və idxalda ƏDV-dən 7 il müddətinə azaddır. YT Parkda təqdim edilən güzəşt və imtiyazlar şərait yaradır ki, istehsal ediləcək məhsulun maya dəyəri texnoparkdan kənarda istehsal olunan məhsulun maya dəyərindən 2 dəfəyə qədər aşağı olsun. Eyni zamanda, məhsul istehsalında yerli xammaldan istifadə olunması vacib məsələdir.
“Texnoparkın rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən istehsal edilən dronlar həm mülki, həm də hərbi təyinatlıdır”, – deyən Nazim Şükürov mülki təyinatlı dronların kənd təsərrüfatında, ətraf mühitin qiymətləndirilməsində və s. istifadə olunmasının mümkünlüyünü qeyd edib.