ELM VƏ TƏHSİL
AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları rusiyalı həmkarları ilə birgə tədqiqatlar aparacaq
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov Rusiya Elmlər Akademiyası Bitki və Heyvanların Ekologiyası İnstitutunun direktoru Mixail Qriqoryeviç Qolovatinin dəvəti ilə həmin institutda elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ezamiyyətin məqsədi Ural dairəsi ilə Azərbaycan ərazilərinin bioloji müxtəlifliyinin, Xəzər hövzəsi çaylarının hidrofaunasının müqayisəli analizinin tədqiqi və birgə əməkdaşlıq müqaviləsinin imzalanması olub.
E.Yusifov institutun elmi şurasının iclasında və seminarında çıxış edərək Azərbaycanın fauna müxtəlifliyi, Zoologiya İnstitutunda bu istiqamətdə aparılan elmi tədqiqatlar və onların nəticələri barədə məlumat verib. Azərbaycanlı alim birgə fəaliyyət barədə təkliflərini səsləndirib.
Rusiyalı həmkarlara birgə multidissiplinar tədqiqatlar aparılması, Xəzərin bioloji müxtəlifliyinin öyrənilməsi, Xəzərin fauna kadastrının hazırlanması, beynəlxalq laboratoriyanın yaradılması haqda razılıq əldə olunub. Nadir və nəsli kəsilməkdə olan fauna növlərinin kateqoriya və statusunun öyrənilməsi, Ural və Kür çaylarının hidrofaunasının müqayisəli analizi, Xəzər suitisi və Arktika suitilərinin filogeniyasının tədqiqi, birgə paleozooloji tədqiqatların aparılması təklif edilib.
Xəzərin Azərbaycan hissəsinin adalarının, palçıq vulkanlarının bioloji müxtəlifliyinin, köçəri quşların miqrasiya yollarının birgə öyrənilməsinə dair “Eurasian Journal of Animal Ecology” beynəlxalq jurnalın nəşr edilməsinə qərar verilib.