ELM VƏ TƏHSİL
AMEA-nın elmi müəssisə və təşkilatlarında mühasibatlıq işinin İKT təminatı məsələləri müzakirə olunub
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi müəssisələrinin Direktorları Şurasının növbəti iclasında müzakirə olunan məsələlərdən biri də AMEA-da mühasibatlıq işinin İKT təminatı məsələləri olub.
AZƏRTAC xəbər verir ki, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev elmi müəssisə və təşkilatlarda mühasibatlıq işinin İKT təminatı məsələlərindən danışıb.
Akademik bildirib ki, ölkəmizdə maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi respublikada dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların fəaliyyətinin avtomatlaşdırılması istiqamətində bir neçə layihəni həyata keçirməkdədir. Bu layihələrdən biri də müəssisələrin mühasibat uçotu və maliyyə fəaliyyətinin avtomatlaşdırılmasını nəzərdə tutan “Müəssisə Resurslarının İdarəedilməsi Sistemi – “ERP”dir.
R.Əliquliyev “ERP” proqram təminatının müasir dünya təcrübəsinə əsaslanan maliyyə və mühasibatlıq sistemini respublikanın büdcə təşkilatlarında tətbiq etməklə dövlət siyasəti və vəsaitlərinin analizi sahəsində potensialın gücləndirilməsi və modernləşdirilməsinə dəstək verilməsi məqsədilə həyata keçirilən “Büdcə Təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları – FARABI” layihəsi çərçivəsində hazırlandığını bildirib.
Maliyyə Nazirliyində dövlət büdcəsindən maliyyələşən təşkilatların mühasibat uçotuna dair məlumatlarının mərkəzi serverinin yerləşdiyi Data Mərkəzin fəaliyyət göstərdiyini vurğulayan R.Əliquliyev burada ümumilikdə müəssisələrin fəaliyyətinin avtomatlaşdırılmasına xidmət edən, eləcə də mühasibatlıq sistemində toplanmış məlumatların analitik emalını həyata keçirən 14 moduldan ibarət proqram təminatının təqdim olunduğunu diqqətə çatdırıb.
Ölkəmizdə yüzlərlə təşkilatın bu sistemə qoşulduğunu deyən alim AMEA-da 2016-cı ildən sistemə qoşulma istiqamətində işlərin aparıldığını və artıq akademiyanın 35 elmi müəssisə və təşkilatının sistemdən istifadə etdiyini, 12 təşkilatda işə qoşulma işlərinin ilin sonunadək yekunlaşdırılmasının nəzərdə tutulduğunu deyib.
Alim ölkəmizdə elektron hökumətin seqmenti olan elektron maliyyə sisteminin yüksək səviyyədə həyata keçirildiyini, Azərbaycanda dünya standartlarına cavab verən milli İKT məhsulunun yaradılmasının sevindirici hal olduğunu söyləyib.