ELM VƏ TƏHSİL
AMEA-nın elmi nəşrlərinin keyfiyyətinin artırılması Rəyasət Heyətinin diqqət mərkəzindədir
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Elmi Nəşriyyat Şurasının genişləndirilmiş iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, iclasda Rəyasət Heyətinin “AMEA-nın elmi jurnallarının monitorinqi və nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi haqqında” qərarının icrası məsələləri müzakirə olunub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın jurnallarının Azərbaycan elminin dünya elminə inteqrasiyası və inkişafı, həmçinin ölkəmizin müasir inkişaf səviyyəsi və potensialı haqqında məlumatların dünyaya çatdırılması baxımından önəmli olduğunu deyib. Akademik AMEA-da elmi jurnalların keyfiyyətinin artırılması məsələsinin son illər Rəyasət Heyəti tərəfindən diqqət mərkəzində saxlanıldığını söyləyib. O, bu məqsədlə Elmi Nəşriyyat Şurasının tərkibinin yeniləndiyini, akademiyada elmi nəşrlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasının tapşırıldığını deyib.
Qeyd olunub ki, bir sıra nəşrlər peşəkar fəaliyyət göstərir, riyaziyyat və kimya elmləri üzrə dörd jurnal “Web of Science” platformasına, bir jurnal isə “Scopus” elmi bazasına daxil edilib.
Akif Əlizadə AMEA-nın başlıca nəşri olan “Məruzələr” jurnalının fəaliyyətinin təkmilləşdirilməsinin, elmi yeniliklərin burada dərcinin zəruriliyini vurğulayıb.
Sonra Elmi Nəşriyyat Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov akademiyada çap olunan elmi jurnalların monitorinqinin nəticələrini təqdim edib. Nəşrlərin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər planının hazırlandığını deyən M.Mərdanov jurnalların illik müsabiqəsinin keçirilməsinin, redaksiyaların əməkdaşları üçün seminarların təşkilinin, nəşrinə ehtiyac olan yeni jurnalların təsis edilməsinin nəzərdə tutulduğunu deyib. Eyni zamanda, jurnalların ingilis dilində çap edilməsinin, məqalələrin xülasəsinin geniş yazılmasının zəruriliyini söyləyib. O, şura tərəfindən “Nüfuzlu jurnala məqalə hazırlamağın qaydaları” haqqında metodik vəsaitin tərtib ediləcəyini bildirib.
İclasda, həmçinin AMEA-nın vitse-prezidentləri, akademiklər - İsa Həbibbəyli, Dilqəm Tağıyev, İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, AMEA-nın müxbir üzvü Bilal Bilalov və digər çıxış edənlər təkliflərini səsləndiriblər.
Çıxışlarda jurnalların müasir dövrün, xüsusən internetin tələblərinə uyğunlaşdırılmasının, nəşrlərin bir qisminin adının dəyişdirilməsinin, daimi rəyçilərin həvəsləndirilməsinin, magistrantlara məqalə yazılma qaydaları və üslubunun tədris olunmasının, elmi yazarların hazırlanmasının və s. önəmini qeyd ediblər.