ELM VƏ TƏHSİL
AMEA-nın əməkdaşı elm sahəsi üzrə Gənclər üçün Prezident Mükafatına layiq görülüb

Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncamı ilə elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslər Gənclər üçün Prezident mükafatları ilə təltif olunublar.
Elm sahəsi üzrə bu mükafata Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) kiçik elmi işçisi Lalə Axundova layiq görülüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, MBBİ-nin gənc mütəxəssislərindən olan Lalə Axundova 2014-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini Genetika ixtisası üzrə bitirib. O, 2015-ci ildə Vageningen Universitetinin Tibbi biologiya ixtisası üzrə magistr proqramına, 2018-ci ildə isə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktoranturasına qəbul olunub. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmi İnkişafi Fondunun elan etdiyi gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsinə təqdim olunan “Xərçəng kök hüceyrələrinin mədəaltı vəzi xərçəngində rolunun araşdırılması və yeni müalicə üsulunun işlənilməsi” adlı qrant layihəsində icraçı kimi iştirak edir. 2021-ci ildə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqədə I yerə layiq görülüb.