ELM VƏ TƏHSİL
AMEA-nın əməkdaşları Bolqarıstanda elmi ezamiyyətdədirlər
Bakı, 31 oktyabr, AZƏRTAC
AMEA Rəyasət Heyəti Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov və həmin şöbənin rəis müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov Bolqarıstanın paytaxtı Sofiyada elmi ezamiyyətdədirlər. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Azərbaycanlı alimlər səfərdə AMEA ilə Bolqarıstan Elmlər Akademiyası (BEA) arasında imzalanmış sazişə əsasən həyata keçirilən "Qara dəniz və Xəzər dənizi regionlarının mədəni irsinin öyrənilməsi çərçivəsində Azərbaycan-Bolqarıstan əlaqələrinə yenidən baxış” layihəsi üzrə görüləcək işləri və növbəti ilin fəaliyyət planını müzakirə etmək məqsədilə olublar.
AMEA-nın nümayəndələri, həmçinin BEA-nın Bilik və Cəmiyyətin Öyrənilməsi İnstitutunun təşkilatçılığı ilə “Qara dəniz regionunda geopolitik vəziyyət: Yeni fikirlər və problemlər” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.
Beynəlxalq tədbirdə B.Seyidovun “Cənubi Qafqaz regionunda geopolitik vəziyyət, böyük dövlətlərin Qafqaz maraqları: siyasi, ticari-iqtisadi və mədəni aspektlər”, R.Qasımovun isə "Müasir geopolitik şəraitdə Azərbaycan-Bolqarıstan əlaqələrinin müqayisəli təhlili” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə Cənubi Qafqazın müasir siyasi, iqtisadi və mədəni vəziyyəti, Azərbaycan Respublikasının regiondakı mövqeyi, böyük dövlətlərlə əməkdaşlıq əlaqələri, işğal olunmuş Azərbaycan ərazilərində məhv edilən tarixi mədəni irs, o cümlədən Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf tarixinə dair məlumatlar verilib.
AMEA-nın əməkdaşları, həmçinin Bolqarıstan və Rumıniya elmlər akademiyalarının, Türkiyənin Uludağ Universitetinin nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlərdə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb, konkret təkliflərin hazırlanmasına dair razılıq əldə olunub.