ELM VƏ TƏHSİL


AMEA-nın iki bölməsi 2018-ci il üzrə fəaliyyətlərinə dair hesabat verib

Bakı, 8 fevral, AZƏRTAC 

Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbir iştirakçılarını iclasın gündəliyi ilə tanış edib.

İlk olaraq İctimai Elmləri Bölməsinin 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti məsələsinə baxılıb. Bölməyə daxil olan institut və təşkilatlardan, eləcə də kənar elmi müəssisələrdən mühüm elmi nəticələrin müəllifi olan alimlər elmi nailiyyətlərinə dair məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

Bölmənin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyəti dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, Rəyasət Heyətinin qərarları əsasında həyata keçirilib.

Mühüm elmi nəticələrə dair statistik məlumatları diqqətə çatdıran N.Axundova vurğulayıb ki, bölmə üzrə 30 problemi əhatə edən 138 mövzuda 384 mərhələdə 322 iş üzrə tədqiqatlar aparılıb, 56 mövzu üzrə 228 mərhələdə 141 iş tamamlanıb. Bölmənin elmi müəssisələri tərəfindən 2-si xaricdə olmaqla 83 kitab, 11-i xaricdə olmaqla 91 monoqrafiya, 334-ü xaricdə olmaqla 1615 məqalə, 85-i xaricdə olmaqla 270 tezis nəşr olunub. Əməkdaşların impakt faktorlu jurnallarda 38 məqaləsi çapdan çıxıb, elmi işçilərin əsərlərinə istinadların sayı isə 582-dir.

Kadr hazırlığı haqqında da məlumat verən alim bildirib ki, hesabat ilində fəlsəfə doktorluğu üzrə 30, elmlər doktorluğu üzrə 6 dissertasiya işi müdafiə edilib. Hazırda bölmədə 32 doktorant və 221 dissertant, magistratura üzrə isə 2 nəfər təhsil alır.

Elmlə təhsilin inteqrasiyasından danışan N.Axundova vurğulayıb ki, hesabat ilində bölmənin bütün elmi müəssisələrində ali məktəblərin tələbə və müəllim kollektivi təcrübə kursları keçiblər. Eləcə də alimlər bir sıra ali və orta təhsil müəssisələrində elmin müxtəlif sahələrinə uyğun məruzələrlə çıxış ediblər, nəşr olunmuş elmi əsərlər elm və təhsil müəssisələrinə göndərilib.

Bölmənin akademik-katibi ötən il bütün elmi müəssisələrdə beynəlxalq əlaqələrin daha da genişləndirildiyini söyləyib. Vurğulayıb ki, institut və təşkilatlar ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Polşa, Çexiya, Rusiya, Türkiyə, Gürcüstan, İran, Özbəkistan, Qazaxıstan, Çin və digər ölkələrin elmi-tədqiqat müəssisələri ilə müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrini davam etdiriblər. N.Axundova AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, struktur dəyişiklikləri, konfrans və yubileylər, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası sahəsində görülən işlər, gənc alim və mütəxəssislərin fəaliyyətləri və digər məsələlərə də toxunub.

Məruzə dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib. Fənlərarası tədqiqatların elmi-nəzəri metodologiyasının təkmilləşdirilməsi məqsədilə yaradılmış elmi seminarın fəaliyyəti, Avropa proqramlarına qoşulmaq məqsədilə elmin prioritet istiqamətlərini nəzərə alaraq, tərəfdaş təşkilatlarla müştərək layihələrin hazırlanması, elm və təhsilin inteqrasiyası, Azərbaycan tarixinin, arxeologiyasının, iqtisadiyyatının, fəlsəfəsinin elmi problemləri üzrə impakt faktorlu jurnallarda məqalələrin çapı və digər istiqamətlərdə bir sıra tapşırıqlar verilib.

Tədbirdə AMEA-nın Naxçıvan Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat da dinlənilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, hesabat ilində bölmədə ölkə rəhbərinin 21 fərman və sərəncamı, Nazirlər Kabinetinin 15 qərar və sərəncamı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetinin 36 fərman, sərəncam və qərarı, AMEA-nın 16 sərəncam və qərarı icra edilib.

Diqqətə çatdırılıb ki, bölmə üzrə 6 elmi istiqamətdə 6 problemi əhatə edən 7 mövzuda 36 iş 89 mərhələdə yerinə yetirilib. Hesabat ilində bölmə əməkdaşlarının 23 monoqrafiya, 15 kitab, 4 kitabça, 3 metodik vəsait, 555 elmi məqalə, 213 konfrans materialı və 7 tezisi nəşr edilib. 2 monoqrafiya, 87 elmi məqalə, 75 konfrans materialı və 3 tezis xaricdə işıq üzü görüb. İmpakt faktorlu jurnallarda dərc olunan elmi məqalələrin sayı isə 48-dir.

Akademik İsmayıl Hacıyev, həmçinin bölməyə daxil olan elmi müəssisələrdə həyata keçirilən tətbiqyönümlü işlərdən danışıb. Qeyd edib ki, “Şorsu” palçığının kimyəvi tərkibi analiz edilib, palçığın qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, iki növdə müalicəvi dərman məhsulları qablaşdırılaraq yaş şəkildə və quru toz halında istifadəyə verilib. Aparılan tədqiqatlar nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisinin florasında elmi təbabətdə və xalq təbabətində istifadə olunan, Farmakopeyaya daxil edilmiş 132 rəsmi dərman bitkisinin olduğu müəyyən edilib.

Elmlə təhsilin inteqrasiyasından danışan İsmayıl Hacıyev nəzərə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına uyğun olaraq 53 elmi dərəcəli əməkdaş muxtar respublikanın 38 ümumtəhsil məktəbində təşkil olunan nümunəvi dərslərdə iştirak edib. Həmçinin 12 əməkdaş interaktiv dərs tədris edib ki, həmin dərsləri muxtar respublikanın məktəblərində yüzlərlə şagird dinləyib.

Məruzəçi beynəlxalq əməkdaşlıq və qrantlar haqqında da danışıb. Qeyd edib ki, ötən il ABŞ, Fransa, Türkiyə, Rusiya, Qazaxıstan, İran və digər ölkələrin elm və təhsil müəssisələri ilə sıx əməkdaşlıq edilib. İki respublika səviyyəli qrant layihəsi başa çatıb, bir beynəlxalq və bir respublika səviyyəli qrant layihəsinin icrası isə davam etdirilir.

Elektron elmin vəziyyəti haqqında məlumat verən akademik deyib ki, ötən il bölmənin www.ameanb.nakhchcivan.az elektron portalında mühüm hadisələr, maraqlı məlumat, keçirilən tədbirlər və digər informasiyalar yerləşdirilib. İl ərzində bölmənin elmi kitabxanasında müxtəlif elm sahələrinə aid 454 kitabın elektron variantı hazırlanıb, onların 319 ədədi www.e-kitab.ameanb.nmr.az elektron portalına, 135 ədədi isə kitabxanadaxili şəbəkədə yerləşdirilib.

Kadr hazırlığından danışan İ.Hacıyev hazırda bölmədə 16 nəfər doktorant, 32 nəfər dissertantın elmi tədqiqatlarını davam etdirdiyini bildirib.

Diqqətə çatdırılıb ki, bölmə əməkdaşları tərəfindən hazırlanan “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” kitabı 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisinin qızıl medalına, “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” kitabı isə 31-ci Beynəlxalq Kitab Sərgi Yarmarkasında qızıl medala layiq görülüb. Eyni zamanda, bölmənin bəzi əməkdaşları respublika və beynəlxalq səviyyəli mükafatlarla təltif olunublar.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib.

Bölməyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında, "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamlarının icrası ilə əlaqədar Tədbirlər Planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.