ELM VƏ TƏHSİL
AMEA-nın magistrantları ali məktəb pedaqogikası üzrə biliklərini sınayıblar
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin 2020-ci il 1 iyun tarixli “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” sərəncamına əsasən, yay imtahan sessiyasının iyunun 15-dən iyulun 15-dək keçirilməsi nəzərdə tutulur.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın 121 magistrantı ali məktəb pedaqogikası fənnindən imtahanda iştirak edib. İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin məsul əməkdaşlarının nəzarəti altında onlayn keçirilən imtahan müvəffəqiyyətlə başa çatıb.
AMEA magistrantlarının ümumi və seçmə fənlər (Ali məktəb pedaqogikası, Psixologiya və Fəlsəfənin əsasları) üzrə imtahanlarının təşkili İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib. Fəlsəfənin əsasları və Psixologiya fənləri üzrə imtahanları müvafiq olaraq, iyunun 22 -də və 29-da keçiriləcək.