ELM VƏ TƏHSİL
AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanovun biobiblioqrafik göstəricisi çapdan çıxıb
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Hafiz Əlimərdanovun 70 illiyinə həsr olunmuş biobiblioqrafik göstərici nəşr edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, H.Əlimərdanovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstərici 1973-cü ildən 2018-ci ilə qədər olan dövrü əhatə edir.
Göstəriciyə alimin monoqrafiyaları, dərslik və dərs vəsaitləri, dövrü nəşrlərdə Azərbaycan, rus və ingilis dilində dərc olunmuş elmi və publisistik məqalələri, respublika və beynəlxalq əhəmiyyətli konfranslarda məruzə və çıxışları, tədqiqat işləri, abituriyentlər üçün hazırlıq testləri, kimyadan olimpiada məsələləri və s. daxil edilib. Həmçinin Azərbaycan, rus, ingilis dillərində alimin həyatı, elmi, pedaqoji, ictimai fəaliyyəti haqqında qısa oçerk, rəhbərlik etdiyi və ya məsləhətçisi olduğu dissertasiyalar, tərtibçisi və redaktoru olduğu mənbələrlə bağlı bölmələr verilib. Göstəricidə materiallar xronoloji qaydada, illər daxilində dillər üzrə əlifba sırası ilə və vahid ardıcıl nömrələnmə əsasında yerləşdirilib.
Sonda vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə köməkçi aparat tərtib edilib, H.Əlimərdanovun əsərlərinin, həmçinin müştərək müəlliflərin əlifba göstəricisi verilib.