ELM VƏ TƏHSİL
AMEA-nın müxbir üzvü İspaniyada “Yeni Həyat Keyfiyyəti İndeksi”ni təqdim edib
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov İspaniyada elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim səfər çərçivəsində İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının Barselona şəhərində keçirilən XIII beynəlxalq konfransında iştirak edib. Q.İmanov konfransda müəllifi olduğu “Yeni (İnnovativ) Həyat Keyfiyyəti İndeksi”nin hesablama modelini təqdim edib.
O, hazırladığı indekslə ölkədə dayanıqlı inkişaf parametrlərinin hansı dərəcədə olduğunu müəyyənləşdirib. Bundan əlavə, UNESCO tərəfindən təyin edilmiş Ekoloji Sivilizasiya İndeksinin rəqəmlərinə də yer verib.
Alim hökumətlərin dayanıqlı və humanist gələcəyə zəmanət verən qanunvericiliklə, həmçinin onların mürəkkəbliklərini nəzərə alan təhlil sistemləri ilə təmin edilməsinin vacibliyini bildirib.