ELM VƏ TƏHSİL


AMEA-nın müxbir üzvü: Ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlər görülür

Bakı, 25 noyabr, AZƏRTAC

Hazırda AMEA-nın Radiasiya Problemləri İnstitutunda fiziklər, kimyaçılar, bioloqlar və digər mütəxəssislər ionlaşdırıcı şüaların təsiri altında baş verən prosesləri öyrənir, multidisiplinar tədqiqatlarla məşğul olurlar. Ümumiyyətlə, institutda radiasiya təhlükəsizliyi məsələləri üzrə tədqiqatlar prioritet istiqamətlərdən biri kimi qəbul olunub. Radiasiya Problemləri İnstitutu ölkədə ekoloji siyasətlə bağlı sənədlərin hazırlanmasında birbaşa iştirak edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin monitorinqi məqsədilə bu istiqamətdə tədqiqatların aparılmasına böyük əhəmiyyət verilir.

Azərbaycanda radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün elektron məlumat bazasının yaradılması da prioritetlərimizdəndir. Bu istiqamətdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə birgə mühüm işlər görülür, radiasiya təhlükəsizliyi sahəsində müasir texnologiyaların tətbiqi ilə multidisiplinar tədqiqatlar aparılır.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirləri institutun baş direktoru AMEA-nın müxbir üzvü professor İslam Mustafayev bildirib.

O qeyd edib ki, radiasiya texnologiyalarının tətbiqi ilə yeni xassələrə malik materialların alınması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və ətraf mühitə davamlılığının artırılması, azkarbonlu texnologiyalar tətbiq etməklə hidrogen energetikasının inkişafı, alternativ enerji mənbələrinin istifadəsi əsas tədqiqat istiqamətlərindəndir. Bu məqsədlə institutda radiasiya materiallarını tətbiq etməklə yeni yarımkeçirici materiallar, cihazlar alınır. Yeni istiqamətlərdən biri də yaşıl artımla bağlıdır. İqlim dəyişikliklərinin mənfi təsirlərindən qorunmaq, karbon emissiyasını 35 faizədək azaltmaq üçün imzalanmış Paris anlaşmasına Azərbaycan da qoşulub və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Hazırda karbon qazının atıldığı müəssisələrdə istiliyi əvəz edə bilən texnologiyaların tətbiqinin üstünlük təşkil etməsi istiqamətində işlərə başlanılıb. Digər tərəfdən, aparılan tədqiqat istiqamətlərindən biri də Radiasiya Problemləri İnstitutunun Bərpa olunan enerji mənbələri laboratoriyası tərəfindən hazırda Zəngilan ərazisində Günəş və külək enerjisi potensialının müəyyənləşdirilməsidir. Bu texnologiyalar bölgədə salınacaq “Ağıllı şəhər”lərin enerji təminatının həyata keçirilməsinə xidmət edəcək. Bununla yanaşı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə pambıqçılıqda radiasiyanın tətbiqi üzrə tədqiqatlar həyata keçirilməkdədir. Bu üsul vasitəsilə pambıq toxumlarının şüalandırılaraq əkilməsi nəticəsində onun məhsuldarlığı artır və ətraf mühitin zərərli təsirlərinə davamlı pambıq yetişdirilir.

Alim vurğulayıb ki, ölkə ərazisində radiasiya təhlükəsizliyinin təmin olunması üçün təbii radiasiya fonu dəqiqləşdirilməli, antropogen fəaliyyət nəticəsində ətraf mühitə atılmış radiasiya mənbələri aşkar olunaraq izolə edilməlidir. Radiasiya xəritələrinin tərtib olunması, qonşu dövlətlərdən olan transsərhəd təsirlərin (burada Metsamor AES xüsusi diqqət mərkəzindədir) müəyyənləşdirilməsi və s. həlli vacib olan məsələlərdir.

Hazırda informasiya texnologiyalarının nailiyyətləri ilə təchiz olunmuş radiasiya təhlükəsizliyi üzrə elektron məlumat bazasının yaradılması istiqamətində işlər görülməkdədir. AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin ideya müəllifi olduğu bu məlumat bazasında ölkə ərazisinin istənilən nöqtəsində radiasiya fonu qeyd olunacaq və insanlar asanlıqla bu məlumatlardan istifadə edə biləcək.

“Ekoloji vəziyyətin sağlamlaşdırılması məsələsinə gəldikdə, bu sahədə ölkəmizdə genişmiqyaslı tədbirlər görülməkdədir. 2021-2025-ci illər üçün sosial-iqtisadi inkişafın əsas istiqamətləri arasında “Təmiz ətraf mühit və yaşıl artım” xüsusi müddəa kimi təqdim olunub. Bu sənədlərdən irəli gələrək, son zamanlar yaşıl artım probleminə xüsusilə diqqət yetirilir, bu istiqamətdə tədqiqatlar aparılır.

Avtomobil sektorundan atmosfer havasına atılan tullantıların azaldılması, quraq və tozlu ərazilərdə kütləvi ağacəkmə aksiyalarının təşkili, su resursları ilə bağlı son illər meydana çıxan böhran vəziyyətinin aradan qaldırılması, torpaqların deqradasiyasına qarşı mübarizə tədbirləri, tullantıların idarə olunmasının təkmilləşdirilməsi və digər sahələrdə hələ də həlli vacib olan problemlər qalmaqdadır. Qeyd etmək lazımdır ki, ayrı-ayrı ekoloji problemlərin həllinə milli fəaliyyət planları, strategiyalar çərçivəsində yanaşma məsələlərin effektiv həllinə dəstək verir”, - deyə alim bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.