ELM VƏ TƏHSİL


AMEA-nın müxbir üzvünün əsərlərinin dördüncü və beşinci cildləri çapdan çıxıb

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin dördüncü və beşinci cildləri işıq üzü görüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Klassiklər, müasirlər” adlanan dördüncü cildin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Möhsün Nağısoylu, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilovadır. Bu cilddə müəllifin XIX, XX və XXI əsrlərdə yaşayıb yaratmış Azərbaycan ədəbiyyatı tarixinin tanınmış nümayəndələrinin həyat və yaradıcılığına aid məqalələri toplanıb. Nəşrdə M.F.Axundzadə, A.Bakıxanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, M.Hadi, M.S.Ordubadi, C.Cabbarlı, S.Vurğun, R.Rza və başqa sənətkarların şəxsiyyəti, ədəbiyyata baxışı və bədii yaradıcılıqları müxtəlif aspektdən araşdırılıb.

“Ədəbiyyatşünaslıq, ədəbi tənqid” adlanan beşinci cildin elmi redaktoru və “Ön söz”ün müəllifi isə akademik Kamal Abdulla, tərtib edənləri filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva və Nigar İmaməliyevadır. 556 səhifəlik bu cilddə müəllifin ədəbiyyatşünaslıq və ədəbi tənqid haqqında məqalələri toplanıb. “Ədəbiyyatşünaslıq” bölməsində “Nəzəriyyə məsələləri”, “Ədəbi şəxsiyyət”, “Ədəbi yaddaş”, “Ədəbi dil”, “Müasirlik mövqeyi”, “Elegiya” ümumbaşlıqları altında bir çox məsələlərə aydınlıq gətirilib. Kitabın bu bölməsində “Abbas Zamanov olmasaydı” monoqrafiyası da yer alıb. “Ədəbi tənqid” bölməsində isə “Mustafa Quliyevin ədəbi-tənqidi görüşləri” monoqrafiyası və ədəbi tənqidin bir çox məsələlərinin təhlil olunduğu məqalələr öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.