ELM VƏ TƏHSİL


AMEA-nın pavilyonu elm və təhsil ictimaiyyətinin nümayəndələri tərəfindən maraqla qarşılanıb

Bakı, 29 may, AZƏRTAC

Bakıda ilk dəfə keçirilən elm, inkişaf, bilik, texnologiya bayramı olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil olunan sərgiyə Azərbaycan və Türkiyənin elm və təhsil ictimaiyyətinin nümayəndələri tərəfindən böyük diqqət göstərilib. Elm və təhsil ictimaiyyəti nümayəndələri sərgidə AMEA üçün ayrılmış pavilyonla yaxından maraqlanıblar.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA-nın pavilyonunu ziyarət edənlər arasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova, Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit, Ankara Universitetinin rektoru professor Necdet Ünüvar, eləcə də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri, müxtəlif ali təhsil müəssisələrinin və AMEA institutlarının əməkdaşları, həmçinin tələbələr və məktəblilər yer alıb.

AMEA pavilyonuna baxış keçirən elm və təhsil ictimaiyyəti nümayəndələrinə pilotsuz uçuş aparatları, Azərbaycanda ilk dəfə tətbiq olunan 3D holoqram texnologiyası, robotlar, süni intellekt sistemləri, müxtəlif yağlar, sürtkü materialları və digər innovativ layihələr haqqında ətraflı məlumat verilib.

Festivalı ziyarət edənlər təqdim olunan layihələri yüksək qiymətləndiriblər, bu mötəbər tədbirin türk dünyasının ən qabaqcıl texnologiyalarını hazırlayacaq müəssisə və təşkilatlara böyük imkanlar açdığını vurğulayıblar.

Türkiyənin dövlət qurumları tərəfindən pavilyona baxış zamanı AMEA ilə Türkiyənin müvafiq elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icra edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.