ELM VƏ TƏHSİL
AMEA-nın prezidenti: Tətbiqi tədqiqatların səmərəliliyi əhəmiyyətli dərəcədə artıb
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik ümumi yığıncaqdakı çıxışında son beş ildə tətbiqi tədqiqatların səmərəliliyinin əhəmiyyətli dərəcədə artdığını bildirib.
AZƏRTAC xəbər verir ki, beş il əvvəl AMEA-da elm və istehsalat arasında əlaqələrin genişləndirilməsinin əsas prioritetlərdən biri kimi qəbul olunduğunu vurğulayan akademik qeyd edib ki, bu istiqamətdə ən mühüm uğurlardan biri Prezident İlham Əliyevin Sərəncamı ilə Təcrübə-Sənaye Zavodunun bazasında Yüksək Texnologiyalar Parkının yaradılmasıdır.
A.Əlizadə dövlətimizin başçısının Sərəncamının AMEA-nın elmi-texniki siyasətində köklü dəyişikliklərə səbəb olduğunu söyləyib. O deyib: “Akademiya tarixində ilk dəfə müxtəlif kiçik tədqiqat biznesinin infrastrukturları yaradıldı. Yeni yağ növlərinin, robotlaşdırılmış yerüstü, hava və sualtı idarəedilən qurğuların – dronların, müdafiə təyinatlı xüsusi qurğuların, kompüter stendlərinin, filiz və qeyri-filiz xammalın çıxarılması və işlənilməsinin, dərman və kosmetik məhsulların istehsalının yeni texnologiyalarının bazara çıxarılması reallaşıb”.