ELM VƏ TƏHSİL
AMEA-nın prezidenti alimlərlə görüşdə İKT-nin elmi fəaliyyətdə tətbiqindən danışıb
Bakı,14 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) büro üzvləri ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Rəyasət Heyətində keçirilən görüşdə Akif Əlizadə FRTEB-in akademiyanın aparıcı bölməsi olduğunu və son 5 ildə fəaliyyətini yeni elmi istiqamətlərdə qurduğunu qeyd edib.
Elmi-texniki infrastrukturu modernləşdirmək istiqamətində akademiyanın bölmədən böyük gözləntiləri olduğunu söyləyən AMEA rəhbəri elmi tədqiqatların səmərəsini artırmaq, eyni zamanda, beynəlxalq elmi əlaqələri gücləndirmək məqsədilə FRTEB-in xarici elmi mərkəzlərlə əməkdaşlıq imkanlarını genişləndirməyi tövsiyə edib. Bölməyə daxil olan hər bir elmi müəssisəyə yeni elmi istiqamətlərdə tədqiqatları digər institutlarla müştərək aparmağı, doktorant və dissertantlara müasir elmin tələblərinə uyğun dissertasiya mövzuları müəyyənləşdirməyi tapşırıb.
Akademik İKT-nin elmi fəaliyyətdə tətbiqindən danışıb. O, proqram mühəndisliyi, idarəetmə sistemləri, robotlaşma texnologiyaları sahələrində, həmçinin uzunömürlülüyün və neyrodegenerativ xəstəliklərin tədqiqi yönündə müasir texnologiyalardan istifadə yolu ilə elmi araşdırmalara üstünlük verməyə, eləcə də ölkənin informasiya təhlükəsizliyində müvafiq institutları fəal iştirak etməyə çağırıb.