ELM VƏ TƏHSİL
AMEA-nın rəyasət heyətinin iclasında Biologiya və Tibb Elmləri Bölməsinin hesabatı dinlənilib
Bakı, 14 dekabr, P.İmanova, AZƏRTAC
Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
İclasda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanovun “Biologiya və tibb elmləri üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda elmi məruzəsi dinlənilib. Rəhbərlik etdiyi bölməyə daxil olan elmi müəssisələrdə aparılan elmi və elmi-təşkilati işlər barədə məlumat verən Ə.Əmiraslanov ölkəmizdə biologiya və tibb elmlərinin təşəkkülü və inkişafında bir sıra tanınmış alimlərin səmərəli fəaliyyətindən danışıb, bir çox tədqiqat müəssisələri və müxtəlif sahələrdə elmi məktəblər yaradıldığını, yeni elm sahələrinin əsasının qoyulduğunu diqqətə çatdırıb.
Akademik Ə.Əmiraslanov, həmçinin ötən müddətdə bölmənin institutları ilə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi müəssisələr arasında birgə tədqiqat işlərinin aparıldığını, AMEA-nın elmi-təşkilati fəaliyyətində innovativ ideyaların tətbiqi, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü qeyd edib.
BTEB-in akademik-katibi bitki örtüyünün, heyvanlar aləminin öyrənilməsi, genetika, seleksiya, molekulyar biologiya və biotexnologiyalar, fiziologiya, mikrobiologiya, torpaqşünaslıq, aqrokimya və tibb sahələrində müxtəlif istiqamətləri üzrə əldə olunmuş elmi nəticələr və bölmənin beynəlxalq elmi əməkdaşlıq əlaqələri barədə təqdimatla çıxış edib. Ə.Əmiraslanov Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramları çərçivəsində, o cümlədən rəyasət heyətinin qərarları ilə keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər haqqında ətraflı məlumat verib.
Məruzə ətrafında müzakirələr aparılıb, rəyasət heyəti məsələ ilə bağlı müvafiq qərar qəbul edib.
AzScienceNet Elm-Kompüter Şəbəkəsinin (EKŞ) fəaliyyətinin gücləndirilməsi haqqında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bir sıra dövlət sənədlərində elmin informasiya təminatının gücləndirilməsi, elmi fəaliyyət sahəsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi və elektron elmin formalaşdırılması kimi mühüm vəzifələrin müəyyənləşdirildiyini bildirib. Bu vəzifələrə uyğun olaraq, AzScienceNet EKŞ-in dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əlaqələr qurduğunu deyən akademik AMEA-nın alim və mütəxəssislərinin dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına EKŞ-in şərait yaratdığını vurğulayıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan elminin İKT nailiyyətlərindən faydalanmaqla inkişaf etdirilməsi, dünya elminə inteqrasiyası, vahid milli elmi online infrastrukturunun və informasiya fəzasının yaradılması və digər bu kimi məsələlərin həll olunması zərurəti AzScienceNet EKŞ-in fəaliyyətinin daha da gücləndirilməsini tələb edir.
Rəyasət heyəti qeyd olunanları nəzərə almaqla məsələ ilə bağlı müvafiq qərar qəbul edib.
Tədbirdə AMEA-nın Geologiya və Geofizika İnstitutunda seysmologiya və seysmik təhlükə, mühəndis geofizikası şöbələrinin yaradılması barədə də qərarlar qəbul olunub.