ELM VƏ TƏHSİL
AMEA-nın və Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 13 dekabr, AZƏRTAC
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini Qoşqar Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Məmməd Məmmədov, laboratoriya müdirləri Əminə Axundova və Sevda Talıbova Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olublar.
Torpaqşünaslıq və Aqrokimya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev ilə görüşdə iki elmi müəssisə arasında birgə əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Sonra torpaqşünas alimlərə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun biotexnologiya, bitki-mühafizə, aqrokimya laboratoriyaları və istixanası barədə məlumat verilib. Alimlər laboratoriyalarda quraşdırılmış müasir avadanlıqlar və cihazların fəaliyyət prinsipi və orada aparılan tədqiqatlarla tanış olublar.
Görüş zamanı birgə əməkdaşlıq perspektivləri yüksək qiymətləndirilib.