ELM VƏ TƏHSİL
AMEA-nın və Səhiyyə Nazirliyinin elmi müəssisələri əməkdaşlığa başlayır
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
GEİ-dən AZƏRTAC-a bildirilib ki, beş il müddətinə imzalanmış müqavilənin tələblərinə əsasən vərəm və ağciyər xəstəliklərinin, eləcə də qeyri-yoluxucu xəstəliklərin genetik əsasları öyrəniləcək, xəstəliklərə risk qrupların vaxtında aşkar edilməsi, mutasiyaların müəyyənləşdirilməsi, onların xəstəliyin gedişinə təsiri, o cümlədən müalicə üsullarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi sahəsində birgə tədqiqatlar və kadr hazırlığı aparılacaq. Müqavilədə iki qurum arasında elmi-tədqiqat sahəsində əlaqələrin yaradılması, müvafiq xəstəliklər üzrə ədəbiyyat məlumatlarının təhlili, birgə seminarların, elmi-praktik konfransların təşkili nəzərdə tutulub.
Müqavilə GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova tərəfindən imzalanıb.