ELM VƏ TƏHSİL
AMEA rəyasət heyətinin növbəti iclası keçirilmişdir
Bakı, 9 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, iclasdan əvvəl akademiyanın Elmi İnnovasiyalar Mərkəzi (EİM) tərəfindən 2012-ci ildə çap olunmuş elmi nəşrlər nümayiş etdirilmişdir.
Elmi müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdikləri iclasda AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov gündəlikdəki məsələlər barədə məlumat vermişdir. O, Azərbaycanın “Azərspace-1” adlı ilk telekommunikasiya peykinin Fransanın Cənubi Amerikada yerləşən Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan orbitə buraxılmasının ölkəmizin tarixində çox əlamətdar və tarixi bir gün olduğunu vurğulamışdır.
EİM-in 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında çıxış edən bu qurumun direktoru, iqtisad elmləri doktoru, professor Fərman Qasımov mərkəzdə elmi-tədqiqat işlərinin AMEA rəyasət heyətinin qərarı ilə təsdiq edilmiş nizamnaməyə uyğun aparıldığını bildirmişdir. O, EİM-in fəaliyyətinin əsas məqsədinin respublikada elmi-tədqiqat işlərinin elektron formada qeydiyyatını və təhlilini aparmaq, onların dövlət fondunda toplanması ilə yanaşı, ölkədə elmi-texniki sahədə informasiya resurslarının fondlaşdırılması ilə məşğul olmaq, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan vəzifələr üzrə fəaliyyət göstərmək, dövlətimizi beynəlxalq səviyyədə innovasiya sahəsində təmsil edən qurum kimi bu istiqamətdəki bütün funksiyaları yerinə yetirməkdən ibarət olduğunu söyləmişdir.
Terminologiya Komissiyası tərəfindən 2012-ci ildə görülən işlər haqqında məlumat verən komissiyanın sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqova bildirmişdir ki, ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, yüksək iqtisadi artım, milli inkişaf konsepsiyasının davamlı həyata keçirilməsi Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsini də şərtləndirmişdir. Prezident İlham Əliyevin Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı ilə bağlı Sərəncamının tətbiq edilməsinin dilimizin inkişafı və tərəqqisi yolunda mühüm mərhələ olduğu vurğulanmışdır.
Dilimizin qorunması və inkişafı istiqamətində mövcud olan problemlərdən söz açan S.Sadıqova terminologiyada baş verən dəyişiklikləri nəzərə alaraq onun inkişafını düzgün istiqamətləndirməyin zəruriliyini qeyd etmişdir.
Elmi İnnovasiyalar Mərkəzinin və Terminologiya Komissiyasının 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları AMEA rəyasət heyətinin qərarı ilə təsdiq edilərək AMEA-nın illik hesabatına daxil edilmişdir.
İclasda, həmçinin AMEA Gəncə Regional Elmi Mərkəzinin direktoru, kimya elmləri doktoru Fuad Əliyev və akademiyanın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov və Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə rəhbərlik etdikləri mərkəzlərin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilmişdir.
Akademiklər Arif Həşimov, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Adil Qəribov və başqaları təqdim olunan hesabatları yüksək qiymətləndirərək qənaətbəxş hesab etmişlər.
2012-ci ildə elmi və elmi-təşkilati fəaliyyətləri müzakirə olunan qurumların hesabatları AMEA rəyasət heyətinin qərarı ilə təsdiq edilərək akademiyanın illik hesabatına daxil edilmişdir.
Respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nahid Hacıyevin hesabatı da AMEA idarə heyətinin qərarı ilə təsdiq edilərək akademiyanın illik hesabatına daxil edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyəti akademik Çingiz Cuvarlının 100, AMEA-nın müxbir üzvü Zöhrab Vəliyevin 60 illik yubileylərinin keçirilməsi, akademiyanın müxbir üzvü Zakir Məmmədovun anadan olmasının 75 illiyi ilə əlaqədar olaraq əsərlərinin çoxcildliyinin hazırlanması və mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə elmi-texniki şuranın tərkibinin təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.