SİYASƏT
AMERİKALILARIN ƏKSƏRİYYƏTİ İRAQLA MÜHARİBƏNİN LEHİNƏDİR
Amerikalıların yarıdan çoxu – 66 faizi ABŞ-ın İraqla müharibə aparmaq niyətini müdafiə edir. Bunu “Nyu-York tayms” qəzetinin və “Si-bi-es” teleşirkətinin birgə keçirdikləri ictimai rəy sorğusunun nəticələri sübut edir.
RİA “Novosti” agentliyindən AZƏRTAC-a daxil olmuş xəbərdə deyilir ki, eyni zamanda, respondentlərin 63 faizi belə hesab edir ki, Vaşinqton İraq əleyhinə hərbi əməliyyatlara o zaman başlaya bilər ki, müttəfiqləri də ABŞ-a qoşulsunlar. Amerikalıların 59 faizinin rəyinə görə, Birləşmiş Ştatlar BMT-nin hərbi müfəttişlərinə İraqdakı yoxlamaları davam etdirmək imkanı verməlidir. Rəyi soruşulanların 32 faizi hətta digər ölkələrin köməyi olmadan belə Səddam Hüseyn rejimi əleyhinə əməliyyatın dərhal başlanmasını istəyir.
Rəyi soruşulanların 59 faizi belə hesab edir ki, İraqla müharibə terror aktları törədilməsi ehtimalını artıracaq. Respondentlərin 12 faizi bunun əksini düşünür.