DÜNYA
AMERİKALILARI YAXIN ŞƏRQ NEFTİNİ BOYKOT ETMƏYƏ ÇAĞIRIRLAR
AZƏRTAC ABŞ informasiya agentliklərinə istinadla xəbər verir ki, ölkədə “antiterror” benzini satan ilk yanacaqdoldurma stansiyası açılmışdır. Yeni növ xidmətin təşəbbüsçüsü Terrordanazad Neft Sənayesi Təşkilatıdır. O, amerikalıların Yaxın Şərqdə istehsal edilən neft məhsullarını almasının əleyhinə çıxır.
Təşkilatın nümayəndəsi Co Kaufman bildirmişdir ki, Amerika Yaxın Şərqdən neft almaqla “özünün məhvini maliyyələşdirir”. Buna görə də o, terrorizmi maliyyələşdirən ölkələrdə biznes aparan şirkətlərdən neft almamağa çağırır.
İlk “antiterror” yanacaqdoldurma stansiyası benzini, əsasən, ABŞ və Kanada neftindən istifadən edən “Sinkler oyl” şirkətindən alır. Lakin onun nümayəndəsi demişdir ki, şirkət neft məhsullarının bir hissəsini Nyu-York Ticarət birjasından alır və buna görə də onların mənşəyinin “təmizliyinə” təminat verə bilməz.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, müxtəlif regionlarda çıxarılan və müxtəlif şirkətlərin göndərdikləri neft onun emalı və nəqli prosesində çox vaxt qarışdırılır. 2005-ci ildə ABŞ Fars körfəzindən gündə orta hesabla 2,3 milyon barrel neft idxal etmişdir ki, bu da ümumi istehlakın cəmi 9 faizinə bərabərdir.
Terrordanazad Neft Sənayesi Təşkilatının “Yaxın Şərqdən neft idxal etməklə terrorizmi maliyyələşdirən” şirkətlər siyahısına dünyanın, əslində, bütün aparıcı istehsalçıları, o cümlədən “Britiş Petroleum”, “Şevron”, “Eksson”, “Şell”, “Teksako”, habelə “LUKoyl” kimi şirkətlər düşmüşdür.