İQTİSADİYYAT
AMERİKANIN ”AES-TELASİ” ŞİRKƏTİ TBİLİSİNİ TƏRK EDİR
Gürcüstanın yanacaq və energetika naziri David Mirtsxulavanin verdiyi məlumata görə, şirkət müflisləşdiyi üçün belə qərara gəlmişdir. Vaxtilə böyük maliyyə imkanına malik olan “AES-TELASİ” il yarımdır ki, özünün maliyyə vəziyyətini düzəldə bilmədiyindən yalnız Gürcüstanı deyil, həm də Braziliya, Argentina və digər Cənubu Amerika ölkələrini də tərk etmək məcburiyyətində qalmışdır.
Nazirin sözlərinə görə, Gürcüstan hökumətinin ciddi dəstəyinə baxmayaraq, şirkət öz maliyyə vəziyyətini sahmanlaya bilməmiş və ona məxsus olan 75 faizlik aksiyanı satmaq zorunda qalmışdır. Hazırda Rusiyanın “RAO VES ”Rossiya” şirkəti həmin aksiyanı almaq niyyətindədir. Bu məsələ Gürcüstan prezidenti Eduard Şevardnadzenin tapşırığına əsasən, yalnız hökumətin iştirakı ilə ediləcəkdir. Rusiya şirkəti ilə müqavilənin ilkin variantı hazırdır. Ekspertlər qrupu onun üzərində işləyir. Elə maddələr vardır ki, onlar reallaşdırılmalıdır.
Tbilisidə elektrik xəttinin modernləşdirilməsinə, yeni sayğaclar quraşdırılmasına, avadanlıqların təzələnməsinə külli miqdarda pul xərcləyən ( 150-200 milyon dollar) “AES” şirkətinin üzləşdiyi ağır maliyyə vəziyyətindən təəssüfləndiyini bildirən nazir Gürcüstanı məbii qazla təmin edən Rusiyanın “İtera” şirkətini həmin ölkənin “Qazprom ” şirkətinin əvəz edəcəyi ehtimalını da təsdiqləmiş və bununla bağlı müqavilənin hazırlandığını bildirmişdir.
David Mirtsxulava demişdir:”... Bütün hallarda Gürcüstan enerji böhranının həllini Şahdəniz yatağı ilə bağlı layihənin gerçəkləşməsində görür ”.