Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA 2001-Cİ İLİN SENTYABRIN 11-DƏ BAŞ VERMİŞ TERROR AKTLARININ GÜNAHSIZ QURBANLARININ XATİRƏSİNİN YAD EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2001-ci ilin sentyabr ayının 11-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton və Nyu-York şəhərlərində minlərlə dinc və günahsız insanların ölümünə səbəb olmuş, tarixdə nümunəsi olmayan dəhşətli terror aktları həyata keçirilmişdir. 

Terrorizmin və dinc əhaliyə qarşı həyata keçirilmiş kütləvi qırğının nə olduğunu Azərbaycan xalqı dəfələrlə öz üzərində hiss etmişdir. Odur ki, bu gün Amerika xalqının keçirdiyi hissləri, yaşanan bu ağır faciənin nəticələrini Azərbaycan Xalqı yaxşı anlayır.

Amerikada törədilmiş bu müdhiş terror aktını insanlıq əleyhinə və sülhsevər bəşəriyyətə qarşı ağır cinayət kimi qiymətləndirirək, öz hiddətimizi bildiririk. Terror aktlarının günahsız qurbanlarının xatirəsini yad etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında 2001-ci il sentyabr ayının 13-də saat 12.00-da ABŞ-da terror aktları nəticəsində həlak olan minlərlə günahsız insanların xatirəsini yad etmək məqsədi ilə bir dəqiqəlik sükut elan edilsin.

2. Sükut zamanı ölkənin bütün ərazisində dövlət bayraqları aşağı endirilsin.

3. Teleradio verilişləri təşkilatlarına sükut dəqiqəsində bütün əyləncə verilişlərinin yayımının dayandırılması təklif edilsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 sentyabr 2001-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin