Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORC BUŞA

Hörmətli cənab Prezident,

Qurban bayramı münasibətilə göndərdiyiniz səmimi təbrik məktubuna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələr qurulmasının 10 illiyi münasibətilə Sizi və bütün Amerika xalqını ürəkdən təbrik edirəm.

Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Çox şadam ki, ötən dövrdə ölkələrimiz arasındakı əlaqələr hərtərəfli inkişaf edərək möhkəm dostluq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Regionumuza yetirdiyiniz diqqətdən, onun iqtisadi cəhətdən çiçəklənməsinə xidmət edən irimiqyaslı enerji layihələrinin həyata keçirilməsinə verdiyiniz dəstəkdən böyük məmnunluq duyuram.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkənizin və şəxsən Sizin göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm.

Əminəm ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

25 fevral 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin