SİYASƏT


AMERİKA-TÜRKİYƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN İCLASI BAŞA ÇATMIŞDIR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Vaşinqtonda Amerika-Türkiyə hökümətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclası başa çatmışdır. Müzakirələrdə əsas diqqət Türkiyənin iqtisadi islahatlar proqramına, Xəzər bölgəsinin enerji məsələlərinə, Qafqaz və Mərkəzi Asiyada iqtisadi inkişafı artırmaq istiqamətində birgə səylərə yönəldilmişdir.

Dövlət Departamenti iclasın yekunlarına dair bəyanat yaymışdır. Enerji sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparan tərəflər bunu strateji tərəfdaşlığın mühüm hissəsi kimi qiymətləndirmişlər. Bəyanatda deyilir ki, Bakı-Tbilisi-Ceyhan kəməri Şərq-Qərb enerji dəhlizinin əsasıdır. Bildirilir ki, ABŞ təsisatları da BTC-ni dəstəkləyirlər. OPİK-in Direktorlar şurası siyasi riskdən sığortalanma məqsədi ilə 125 milyon dollar, İxrac-İdxal Bankı isə ABŞ idxalına dəstək kimi 160 milyon dollar vəsait ayırmışdır.

Birləşmiş Ştatlar Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəmərinə dəstəyini bir daha təsdiqləyərək bildirir ki, adı çəkilən marşrutlar bölgə dövlətlərinin suverenliyini, iqtisadiyyatını və təhlükəsizliyini möhkəmləndirəcək, ABŞ şirkətləri üçün ticarət və sərmayə imkanları yaradacaq və Türkiyədə ətraf mühitlə bağlı riskləri azaldacaqdır.

Bəyanatda deyilir ki, ABŞ və Türkiyə Xəzər nefti və qazı üçün Avropa bazarlarının tapılması istiqamətində də birgə işləyirlər. Qarşıdakı 15 il ərzində Avropada qaz istehlakının 200 milyard kubmetrə çatacağı nəzərə alınmaqla, yeni təchizatçılara tələbat artacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.