RƏSMİ XRONİKA


AMERİKA TÜRK ASSOSİASİYALARI ASSAMBLEYASININ XXIV QURULTAYINA

Hörmətli qurultay nümayəndələri!

Sizi – Amerika Türk Assosiasiyaları Assambleyasının qurultayına toplanmış nümayəndələri və qonaqları ürəkdən salamlayır, toplantının işinə uğurlar diləyirəm.

Qardaş Türkiyə Cümhuriyyətini və xalqını təmsil edən yüz minlərlə türk on illərdir ki, dünyanın əksər dövlətlərində, o cümlədən Amerika Birləşmiş Ştatlarında yaşayır və fəaliyyət göstərir. Onların hamısını böyük Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyətinə, türk xalqına məhəbbət, mədəniyyəti, dili, dini və digər mənəvi dəyərləri şərəflə qorumaq və yaşatmaq kimi türklüyü fərqləndirən ali məqsədlər, dönməz iradə birləşdirir. Bu insanlar yaşadıqları ölkələrin, vətəndaşı olduqları dövlətlərin iqtisadi-siyasi və sosial-mədəni həyatında fəal iştirak etməklə yanaşı, həm də öz tarixi vətənləri, böyük Türkiyə ilə əlaqələrini qoruyur, doğma yurdlarının təəssübünü çəkir, onun sevincini və kədərini daim bölüşürlər. Odur ki, Türkiyə dövləti bu gün beynəlxalq aləmdə özünün mövcud imkanları, qüdrəti ilə yanaşı, həm də güclü beynəlxalq diasporu, böyük və nüfuzlu türk icmaları ilə tanınır.

Qloballaşmanın getdikcə geniş vüsət aldığı müasir dünyamızda bir dövlətə və xalqa mənsub insanların bütün dünya ölkələrinə yayılması və məskunlaşması adi haldır. Lakin təcrübə göstərir ki, bu insanlar arasında əlaqələr, öz tarixi Vətənləri ilə bağlılıq nə qədər sıx olursa, onlar bir o qədər güclü olur. Güclü birliyi olan xalqlar həm yaşadıqları ölkələrdə öz milli və vətəndaş haqlarını daha dolğun qoruyur, həm də doğma Vətənlərinin üzləşdiyi problemləri beynəlxalq aləmdə həll etmək gücünə malik olur. Sevindirici haldır ki, Amerikada fəaliyyət göstərən türk diasporu həm daxili birlik, həm də təşkilati cəhətdən böyük gücə malikdir.

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda, başda milli liderimiz Heydər Əliyev olmaqla, bütün dünyada yaşayan, müxtəlif tellərlə ölkəmizlə bağlı olan insanları aramaq, təşkilatlandırmaq və birləşdirmək üçün səmərəli fəaliyyət göstərilmişdir. Bu işdə qardaş Türkiyəni təmsil edən insanlar, onlara məxsus icma və birliklər həmişə Azərbaycanın yanında olmuş və öz dəstəyini bizdən əsirgəməmişlər. Onlar, xüsusən də ABŞ-da yaşayan türklər Azərbaycana daim sevgi nümayiş etdirmiş, onun problemləri ilə yaşamışlar.

Keçən on ildə həm Türkiyənin, həm də Azərbaycanın dövlət rəhbərləri qarşılıqlı əlaqələrimizi gücləndirmək, xalqlarımızı daha da yaxınlaşdırmaq, bir-birinin uğurlarını və problemlərini bölüşmək üçün əllərindən gələni etmişlər. Sevindirici haldır ki, indi bu işlərə dövlət adamları, rəsmi strukturlarla yanaşı, hər iki xalqı xarici ölkələrdə təmsil edən diaspor nümayəndələri, qabaqcıl iş və düşüncə adamları, sadə vətəndaşlar da qoşulmuşlar. Qurultayda nümayiş etdirilən birlik bunu bir daha təsdiq edir. Düşünürəm ki, həm Türkiyəni, həm də Azərbaycanı təmsil edən insanlar bundan sonra da bir olacaq, birlikdə fəaliyyət göstərəcək, sevincimizi və kədərimizi birlikdə bölüşəcəklər. Böyük Atatürkün birlik ideyaları və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” istəyi bizim fəaliyyətimizi hər zaman vahid istiqamətə yönəldəcəkdir.

Qurultay nümayəndələrini və ABŞ-ın bütün türksevərlərini bir daha təbrik edir, qəbul edəcəyiniz qərarların həyata keçirilməsində böyük uğurlar diləyirəm.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 26 yanvar 2004-cü il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin