CƏMİYYƏT
ANAMA: Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qumbara aşkarlanıb
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 26-da saat 21:47-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonunun Saray qəsəbəsində üzümçülük yaşayış sahəsində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupu, həmçinin Abşeron Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Lakin məlumat verən şəxs mobil telefonunu söndürdüyünə görə əməliyyat-axtarış tədbirləri iyulun 27-də davam etdirilib.
Agentliyin mütəxəssisləri və polis idarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkarlanaraq zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaranın tapıldığı yerin ətrafında 350 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.