CƏMİYYƏT


ANAMA: Ağstafa rayonunda top mərmisi aşkarlanıb

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 7-də saat 11:08-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən və saat 11:30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Qırılı kəndində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə yol kənarına baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində heç bir partladıcı maddə olmayan 125 millimetrlik top mərmisi (BM-11) aşkarlanıb. Həmin sursat götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 350 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən 7-dək agentlik tərəfindən altı siqnal (əməliyyat çağırışı) əsasında dörd operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağstafa, Göygöl, Tovuz rayonlarında və Lənkəran şəhərində bir evə və həyətyanı sahəyə, bir əkin sahəsinə, yol kənarına, dəniz sahilinə baxış keçirilib, iki partlamamış hərbi sursat zərərsizləşdirilib. Bu müddətdə 1090 kvadratmetr ərazi yerüstü yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.